Xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir tərəfindən qonağın şərəfinə bu gün Fransa XİN-də işçi nahar təşkil edilib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında fikir mübadiləsini davam etdirib.
 
Onlar münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tezliklə tam bərpa edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə atıla biləcək növbəti addımlar barəsində müzakirələr aparıblar.
 
Tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparıb. Fransa tərəfi bu münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Azərbaycana lazımı dəstək verəcəyini vəd edib.