"Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir. Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz, - biz dünən də bu barədə cənab Prezidentlə fikir mübadiləsi apardıq, - ən yüksək səviyyədədir. Deyə bilərəm ki, mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir.

Unikal.org-un xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda deyib.

Dövlət başçısının sözlərinə görə, bu imkanlardan biznes dairələri də istifadə etməlidirlər və edirlər: "Bunun bariz nümunəsi dünən birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab Prezident Sercio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin. Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur. Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara malikdirlər.

Ona görə, iqtisadi sahədəki gələcək əməkdaşlıq hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.

İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır.

Əlbəttə ki, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız nədən ibarətdir. Bizim planlarımız hər il dərc edilir, dövlət investisiya proqramı hər il icra edilir və bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq bu proqramlar dərc olunur, icra edilir və orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq, bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes forum bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq.

Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq.


***

"Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər.

Unikal.org-un xəbərinə görə, bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumunda deyib.

"Son illərdə italyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Dünən Prezident İlham Əliyevlə birlikdə Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası "Maire Tecnimont şirkəti ilə "SOCAR Polimerin layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir. İtaliyanın töhfəsi enerji sahəsindən başqa, digər sahələrdə də ola bilər. Belə ki, İtaliya ətraf mühitin qorunması, yenidən dəyərləndirilməsi, kənd təsərrüfatının inkişafı və emal sənayesinin transformasiyası, infrastruktur, nəqliyyat, logistika, tikinti kimi sahələrdə Azərbaycanın inkişafına töhfə verməyə hazırdır. Prezident İlham Əliyevlə dünənki rəsmi danışıqlardan sonra imzalanan bəzi sənədlər məhz bu sahəyə yönəlib. Milan Politexnik Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında akademik əlaqələr çərçivəsində Bakıda İtaliya-Azərbaycan dizayn mərkəzinin yaradılması digər sahələrdə də olmasını arzuladığımız ikitərəfli əməkdaşlıq modelidir. Biz istərdik ki, bu modeldən digər əməkdaşlıq çərçivəsində də istifadə olunsun.

Bu forumda italyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssislərə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizin ən bariz sübutudur. Mən bir daha kiçik və orta tipli müəssisələrin fəaliyyətini, onların Azərbaycana cəlb olunmasını xüsusi vurğulamaq istərdim. Ümid edirəm ki, dünən gün ərzində təşkil edilən görüşlər bu məqsədə müəyyən forma və dəqiqlik verə bildi. Çünki iqtisadiyyatlarımız arasında artan qarşılıqlı münasibətlər ikitərəfli iqtisadi əlaqələrin proqressiv balanslaşdırılması ilə bərabər şəkildə inkişaf etməlidir. 2017-ci ildə İtaliya ikitərəfli mübadilə və böyük miqdarda karbohidrogen idxalı vasitəsilə Azərbaycana əhəmiyyətli töhfə verib. Azərbaycan bizim neft üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə ilk ticarət tərəfdaşı olmaqdan qürur duyuruq. Bütün bunlar hörmətə layiq nəticələrdir və xüsusilə də bu ölkədə çox qiymətləndirilən italyan ixracı sahəsində geniş inkişafı əks etdirir və bu, onların imkanlarını bir daha bu ölkəyə gətirməyə kömək edir. Burada İtaliyanın enerji ehtiyatlarının idxal tələbatı fonunda bir çox struktur aspektlərdən tarazlıq pozulur və hazırda iqtisadiyyatın inkişafının bərpa dövründə Azərbaycan inkişaf proqramları və iqtisadiyyatın şaxələndirilməsində İtaliyanın tərəfdaşlığına güvənə bilər. Dünənki görüşlərdə bu arzuya müəyyən bir forma verilərək konkret olaraq səmərəli sahələr müzakirə edildi. Enerji, ətraf mühitin qorunması sahələrində yenidən dəyərləndirmə ilə bağlı layihələrə maraq göstərildi. Paris sazişləri ilə vurğulanan çoxtərəfli çərçivədə daha təmiz enerjilərə keçidi asanlaşdıraraq birlikdə Planetimiz üçün daha çox şey edə bilərik və etməliyik. Azərbaycan kimi xammalla zəngin olan ölkə üçün bu, sənaye dinamizmi və texnoloji innovasiyalar amili kimi qəbul edilməlidir. Bilirəm ki, Azərbaycan hökuməti iqtisadiyyatının şaxələndirilməsi və ölkənin müxtəlif regionlarının inkişafı üçün prioritet sahə olan kənd təsərrüfatına çox böyük önəm verir. Bu, mənim fikrimcə, uzaqgörən bir seçimdir və İtaliya bu sahədə olan təcrübəsini və imkanlarını təklif edərək bunu dəstəkləməyə hazırdır, - İtaliyanın dövlət başçısı vurğulayıb.