Prezıdent Ramil Səfərovu azadlığa buraxdı
13:45 01-09-2012
İQTİSADİYYAT
Prezıdent Ramil Səfərovu azadlığa buraxdı
Azərbaycan erməni lobbisini məğlub etdi
Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, dünən Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub.
Macarıstandan Azərbaycan ekstradisiya olunan Ramil Səfərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar.
Ramil Səfərov onun əfvinə dair prezident İlham Əliyevin sərəncamı ilə tanış edilib və ona Azərbaycan pasportu təqdim olunub.
“Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətin olur. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa çatdıran prezident, Ali Baş Komandan İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə açıqlamasında deyib.
R. Səfərov ona göstərilən dəstəyə görə minnətdarlığını da ifadə edib: “Ədliyyə Nazirliyinə, ölkəmizin Budapeştdəki səfirliyinə, bu işdə əziyyət çəkən hər bir kəsə təşəkkürümü bildirirəm. Bütün Azərbaycan xalqını salamlayıram. İllər ərzində mənə və ailə üzvlərimə göstərdikləri diqqətə və qayğıya görə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Bakıya gətirilən Azərbaycan ordusunun zabiti bu olaydan çox şad olduğunu, fikirlərini ifadə etməyə çətinlik çəkdiyini söyləyən R.Səfərov başda Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla hər kəsə təşəkkür edib: “Bu, ədalətin bərpasıdır. Bu mənim üçün bir az gözlənilməz oldu. İndi ətrafımda həddən artıq çoxlu sayda insan var. Ümidvaram ki, daha sonra suallarınıza ətraflı cavab verə biləcəyəm”.
PA-in şöbə müdiri Fuad Ələsgərov məsələyə münasibət bildirib: - “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim Azərbaycan vətəndaşlarının dünyanın harasında olmalarından asılı olmayaraq onların hüquq və mənafelərinin təmin edilməsinə çalışır. Belə vətəndaşlarımızdan biri də Ramil Səfərovdur. Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında Azərbaycan bayrağını və xalqını təhqir edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilib. Hökmə görə onun yalnız 30 il cəza çəkdikdən sonra şərti azadlığa buraxılması hüququ müəyyən olunub.
R.Səfərov “Azərbaycan Hava Yolları” Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əfv edilib.
Ramil Səfərovun qaytarılması “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında həyata keçirilib. Azərbaycan bu sənədə 2000-ci ildə qoşulub.
Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar öz əksinin tapır.
Konvensiyanın müddəalarına əsasən Macarıstanın müvafiq dövlət orqanları ilə əlaqələr qurulmuş və Ramil Səfərovun vətənə qaytarılması ilə bağlı intensiv danışıqlar aparılıb.
Uzun hazırlıq işinin nəticəsi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə Nazirliyinə R.Səfərovun ölkəmizə verilməsinin şərtlərini əks etdirən rəsmi sorğu göndərilib. Macarıstandan müsbət cavab alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin texniki məsələlərinin həlli üçün işə başlanıb”.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlının sözlərinə görə, “Zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsinə nail olunması Azərbaycan dövlətinin ciddi qələbəsidir və bu addım yalnız təqdirə və alqışa layiqdir. Prezident İlham Əliyevin elə bu gün sərəncam imzalayıb onu əfv etməsi bir daha sübut edir ki, bütün kəm-kəsirlərə baxmayaraq Azərbaycan dövləti və onun rəhbərləri Azərbaycan əsgərinin qayğısına qala bilir və Dağlıq Qarabağın erməni işğalından azad edilməsi istiqamətində bəyan etdiyi mövqedən geri çəkilməyəcək”.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Prezidentin bu sərəncamının sətiraltı mənaları da var. Birinci və əsas məna bundan ibarətdir ki, Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda çalışanlar hər zaman dövlətin diqqət mərkəzində olacaq. İkinci və bəlkə də, başlıca məna odur ki, Prezidentin bu addımından sonra hərbi xidmətdə olan əsgərlərimizin əhvali-ruhiyyəsində, ümumən Azərbaycan cəmiyyətinin düşüncəsində xeyli dəyişiklik olacaq”.
Səadət Bənənyarlı sonda onu da bildirdi ki, “Çox arzulardıq ki, hörmətli Prezident digər siyasi məhbusların azad edilməsi üçün də belə bir əfv sərəncamı imzalasın. Bundan həm cəmiyyətimiz qazanardı, həm də dövləti yönəldənlər”.
Hüquqşünas Elçin Qəmbərov bildirdi ki, “Buna görə bütün Azərbaycan xalqına gözaydınlığı verirəm və xalqımı təbrik edirəm. Zabit Ramil Səfərov həbsə düşən gündən bütün xalqımız, ziyalılar, mətbuat, vətəndaş cəmiyyəti institutları onun taleyi ilə ciddi şəkildə maraqlanır və hər kəs əlindən gələni edirdi. Amma təbii ki, Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsini məhz dövlət bacara bilərdi və bunu da edə bildilər. Mən bir daha xalqımızı təbrik edir və bu qələbənin gerçəkləşməsi üçün əziyyət çəkənləri bir daha qeyd edirəm”.
Elçin Qəmbərovun sözlərinə görə, “Ramil Səfərov həbsdə olarkən, məhkəmə prosesinin gedişində özünü bu xalqa layiq olan mətin bir zabit kimi apardı. Bütün Aərbaycanın diqqəti o məhkəmədə idi və Ramil bunu bilirdi. İnanıram ki, Ramil Səfərov bərbad gündə olan Azərbaycan Ordusunun yenidən təşkil edilməsində həlledici simalardan birinə çevriləcək və bütün əsgər və zabitlərimiz üçün ciddi örnəyə çevriləcək. Yada salın ki, Ramil Səfərov həbsxanada olarkən özünü əsil ziyalı zabit kimi aparırdı və hətta həbsxanada ədəbi yaradıcılıqla da məşğul olurdu. Əsgər və zabitlərimiz onun şəxsiyyətindən, xarakterindən çox şey öyrənə bilərlər”.
Ramil Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Azay Quliyev Lent.az-a açıqlamasında bildirib ki, zabitimizin azadlığa buraxılmasında ölkə başçısı İlham Əliyevin müstəsna xidmətləri olub: “Əvvəla, mən bütün Azərbaycan xalqını, ictimaiyyəti, Ramilsevərləri təbrik etmək istəyirəm. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı, böyük bir ədalətsizlik aradan qaldırıldı və Ramil Səfərov Azərbaycana ekstradisiya edildi. Bu çox böyük hadisədir, insanlarda böyük ruh yüksəkliyi yaradır. Mən həm də cənab prezident, Ali Baş Komandana da minnətdarlığımı, təşəkkürümü çatdırmaq istəyirəm. Cənab prezident məlum hadisə baş verəndən sonra bir an belə Ramili unutmadı. Ölkə başçısı ictimaiyyətin bilmədiyi çoxlu addımlar atdı, müxtəlif orqanlara, təşkilatlara müvafiq göstərişlərini verdi. Bu bir daha göstərir ki, İlham Əliyev Ramil Səfərovun məsələsinə nə qədər həssas, diqqətlə yanaşıb”.
A.Quliyev Ramil Səfərovun Azərbaycana gətirilməsinin heç də asan başa gəlmədiyini bildirdi: “Uzun müddət idi ki, Ədliyyə Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən iş aparılırdı. Biz bir neçə dəfə cəhd göstərmişdik. Amma ermənilər hər dəfə mane olmağa çalışırdılar. Hətta ermənilərin cəhdi nəticəsində Macarıstanın ədliyyə naziri bir neçə il əvvəl istefaya da getməli oldu. Amma bizim dövlət bu yoldan əl çəkmədi. Nəticədə qarşılıqlı razılıq əldə olundu. Bu həm də Azərbaycan dövlətinin gücünü, Azərbaycan dövlətinə beynəlxalq səviyyədə edilən hörməti göstərir. Demək istəyirəm ki, bütün addımlar, prosedurlar beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib və uğurla başa çatdırılıb”.
Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib ki, “Ramil Səfərovun ekstradisiyası və əvf olunması Qarabağın azad olunması istiqamətində atılan addımlardan biridir. Ermənilər başa düşməlidirlər ki, bu, Azərbaycanın növbəti qələbəsidir”.
Onun sözlərinə görə, günahsız yerə qanı tökülən insanların qisası zamanı gəldikcə alınır: “Ramil Səfərovun əfv olunması Dağlıq Qarabağın bütün azərbaycanlılarının arzusu idi. O, Azərbaycanın qəhrəman oğlu kimi biz qarabağlıların hər birimizin əzizidir. Onun azad olunması Azərbaycan dövlətinin apardığı siyasətin nəticəsidir və ermənilərin növbəti məğlubiyyətidir. Axır ki, haqq-ədalət öz yerini tutdu”.
P.S. Artıq dünən Ramil Səfərovun ata evinə insan axını başlayıb. Onun gəlişi münasibəti ilə qurban kəsilib.
Ramil Səfərov burada bir daha Azərbaycana qaytarılmasına, əfv olunmasına görə ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib: “Səkkiz il yarım qürbətdə təkadamlıq kamerada qalsam da, bir gün də ümidimi itirmədim. Vaxtı çatanda Ali Baş komandan məsələni həll etdi. Mən bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram”.
R. Səfərov hərbi xidmətini davam etdirəcəyi barədə ona ünvanlanan suala cavabında bunu mümkün saydığını deyib.
Erməni zabiti qətlə yetirdiyi gün barədə suala isə “Mən o günə qayıtmaq istəmirəm” cavabını verib.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17