"The İndependent" qəzeti general Richard Shirreff-in yeni kitabından söz açıb. Kitabda deyilir ki, Qərb bir ildən sonra Rusiya ilə açıq müharibədə olacaq. Kreml Baltik dövlətlərini Latviyadan başlayaraq işğal edəcək və NATO buna reaksiya vermək istəyəndə isə onu nüvə silahı ilə hədələyəcək.

"Tərəddüdlü NATO fəlakətlə üzləşəcək. Güclü siyasi bəyanatların güclü hərbi qüvvəyə üstün gəldiyi an yetişəcək" – deyə kitabda deyilir.

Yeni kitabında NATO-nun keçmiş komandan müavini general Shirreff yazır ki, Rusiya ilə müharibə gələn ilin mayında baş verəcək. General yazır ki, "aqressiv və fürsətçi Putin" Qərbin zəif siyasi liderliyindən istifadə edərək "Rusiyanı bir daha qüdrətli dövlətə çevirəcək".

General Shirreffin fikrincə, 2008-ci ilin Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı, habelə Ukraynada separatçlığın qızışdırılması böyük Rusiya ekspansiyası planının yalnız başlanğıcıdır. General bunu da qeyd edir ki, dondurulmuş münaqişələr böyük planın icrasında Putinin işinə yarayacaq.



Birdən generalın sözü düz çıxmasa

Kitab haqqında məqalənin müəllifi, tanınmış jurnalist Kim Sengupta yazır ki, generalın proqnozlarına rəğmən Putin Donbasda "qızğın başlı" komandirləri daha praqmatik siyasətçilərlə əvəz edib.

Jurnalist sual edir ki, belə bir şəraitdə Rusiya prezidentinin Baltik regionunda daha bir isti müharibə nəyinə lazımdır? "Axı Ukrayna və Gürcüstandan fərqli olaraq Baltik dövlətləri NATO üzvüdürlər" – deyilir məqalədə.

"Birdən ser Richard-ın axirət proqnozu doğrulmasa, onda necə olsun?" - deyə soruşur Sengupta. Jurnalist yazır ki, general artıq özünü həmin varianta da hazırlayıb. O Londondakı Royal United Services İnstitutunda etdiyi təqdimat çıxışında deyib ki, müharibənin qarşısını almaq üçün NATO Şərqi Avropa və Baltik hövzəsində canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir.

Məqalədə deyilir ki, NATO əslində bu işi artıq görməyə başlayıb və yeri gəlmişkən 1997-ci ildə Boris Yeltsinin hökumətinə verdiyi vədləri pozub. O vaxt Moskvaya zəmanət verilmişdi ki, NATO keçmiş Varşava paktının ölkələrində canlı qüvvə yerləşdirməyəcək.

Sengupta yazır ki, NATO komandanları öz hökumətlərinin Kremlin hərbi qabiliyyəti barədə tam məlumata malik olmamasından narahatdırlar. Halbuki eyni zamanda Qərbin hərbi liderləri həmişə Rusiya hərbiyyəsini məsxərəyə qoyublar: "onların texnikası köhnəlib, aviasiya bombaları dəqiq deyil, dəniz donanmaları isə çürüyüb". Lakin məqalədə bu da qeyd olunur ki, Qərbin Ukraynada gördükləri onu şoka salıb. Rusiyanın hərbi təyyarələri Suriyada ABŞ koalisiyasının bir ayda etdiyi uçuşları bir gündə ediblər.

Rusiyanın hərbi qüdrəti

Rusiya donanması min kilometrlərlə uzaqda olan Xəzər dənizindən Suriyaya ballistik raketlər atıb. NATO-nun hərbçiləri narahatdırlar ki, rusların şərqi Ukrayna və Suriyada qurduğu hava hücumundan müdafiə sistemləri Qərbi Əsəd rejiminin və ya Ukrayna separatçılarının qarşısında aciz qoyacaq.



ABŞ-ın Avropadakı hərbi komandanı general-leytenant Ben Hodges deyib ki, Rusiyanın elektron silahlar sahəsində tərəqqisi heyrətamizdir. ABŞ hərbi hava qüvvələrinin komandanı general-leytenant Frank Gorenc isə bildirir ki, Rusiyanın Krımda və Kalininqradda qurduğu antiraket sistemləri NATO təyyarələrinin Baltik üzərində və ələxüsus da Polşada uçuşlarını son dərəcə çətinləşdirib.

Buna baxmayaraq, Kim Sengupta bu qənaətdədir ki, Rusiyanın müasir silahlar sahəsində tərəqqisi onun heç də hücuma hazırlaşdığını göstərmir, hərçənd Moskva hərbi xərcləri bir xeyli artırıb. Məqalədə deyilir ki, başlıca problem Qərb siyasətçilərinin hərbi sahəyə daha çox investisya qoymaqdansa, hərbi hərəkətlər barədə bəyanatlar verməsindədir.

Bilirsiniz nə var? Siz müharibənizi edin…

Məsələn Liviyadakı hərbi əməliyyatlarla bağlı hərbçilərin giley-güzarına cavab olaraq David Cameron demişdi: "Bilirsiniz nə var? Siz müharibənizi edin, siyasi çıxışları mən edərəm". "Baş nazirin Liviya macərasının necə nəticələndiyi məlumdur" - yazır Sengupta.

General Shirreff-in özü də cənab Cameron-u dəfələrlə tənqid edib. O öz kitabında həmçinin hərbi büdcəyə ixtisarlara dair müdafiə naziri Philıip Hammondla çəkişməsindən də yazıb. Bundan qəzəblənən cənab Hammond generalın cəzalandırılmasına çağırıb. Başqa sözlərlə, bu, keçmiş komandanın tribunala verilməsi demək olardı. Lakin ser Richard deyib ki, "xoşbəxtlikdən o, Hammond-un yox, NATO-nun tabeçiliyində olub. (Bbc.com)