Ukraynanın Lvov vilayətinin erməni diasporunun nümayəndələri şəhərdə baş verən davaya görə azərbaycanlılardan üzr istəyiblər.
 
Unikal.org bidirir ki, bu barədə ANS PRESS-ə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu  (UABD) sədrinin birinci müavini Murad Cəfərov məlumat verib.

Lvov vilayəti polis idarəsinin akt zalında keçirilən brifinqdə Ukraynadakı Azərbaycan və Ermənistan diasporlarının nümayəndələri iştirak ediblər. Brifinq Lvov vilayəti polis idarəsinin rəis əvəzi general Dmitri Zaqariyanın  idarəçiliyi ilə keçib.

Brifinqdə iştirak edən Lvov vilayəti üzrə UABD -nın nümayəndəsi Məcid Nuxiyev deyib ki, erməni diasporunun sədri Nikolay Koçaryan rəsmi şəkildə azərbaycanlılardan üzr istəyib.


Azərbaycan nümayəndəsi isə deyib ki, Ukrayna bizim ikinci vətənimizdir."Burada bizim övladlarımız yaşayır. Etnik zəmində provakasiya qurmağa nə ehtiyac, nə də zərurət var".

Görüşün keçirildiyini Ermənistan nümayəndələri də təsdiqləyib. Ermənistanın "news.am" saytına açıqlama verən icmanın rəhbəri Nikolay Koçaryan deyib ki, görüş ermənilər və azərbaycanlılar arasında davanın müzakirə edilməsi məqsədi ilə keçirilib. Koçaryan üzr istəmələri barədə heç bir məlumat verməyib. 

"İcma üzvləri görüşdülər, barışdılar.  Onlar gələn həftə də problemləri müzakirə etmək üçün görüşmək niyyətindədirlər. Hal-hazırda hər şey  yaxşıdır", - deyə Nikolay Koçaryan  bildirib. 

Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.

Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağını" alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.


Şəhərdə yaşayan ermənilər Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilər hücum zamanı travmatik silahlardan istifadə ediblər.  Həmyerlilərimiz arasında 6 nəfər xəsarət alıb.

Ukrayna Daxili İşlər Nazirliyi də Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya vermişdi. Açıqlamada davada  25-45 yaşda təxminən iyirmi nəfərin iştirak etdiyi bildirilirdi.