Bir neçə gün bundan əvvəl Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə "elə hallar olub ki, turistlər yolu soruşanda, onlardan pul istəyiblər fikrini səsləndirib. Agentlik rəsmisinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Agentlik rəsmisinin bu açıqlamasını bəziləri dövlət yol polisinə ünvanlandığını da yazırlar. 



Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi mayor Rüfət Quliyev Unikal.org-a açıqlamasında bildirib ki, ölkəmizə gələn bütün xarici vətəndaşlarına Dövlət Yol Polisi hörmətlə yanaşır, onlara lazımi köməklikləri göstərməyi əsirgəmirlər:



"Bizdə bununla bağlı xüsusi statistika yoxdur. Amma, ölkəmizə gələn turist hansısa istiqaməti soruşursa ona gedəcəyi ünvanına qədər yol polisi köməklik edir. İndiyədək, idarəyə bu barədə  bir dəfə də olsun şikayət daxil olmayıb. Bundan sonra da yol polisi qanun vericiliyə uyğun, ölkəmizə gələn bütün turistlərə lazımi köməklik göstərəcək. Əgər hansısa turist yol polisindən gedəcəyi ünvanı soruşursa, əmin olun ki, o, rahat, təhlükəsiz oraya çatdırılacaq. 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Unikal.org-a açıqlamasında bu gün Bakı şəhərində turistlərin çox olması bir yol polisi, sürücü, paytaxt sakini kimi bizi sevindirir: 



"Bu turizmin inkişafıdır. Yaxşı göstəricidir. Elə onu demək kifayətdir ki, bu gün bizim xeyli sayda yol polisimiz xarici dili bilir, ondan soruşulan istənilən informasiyanı bildiyi dil üzrə də izah edir. Elə bu il ərzində bir neçə dəfə dövlət yol polisindən razı qalan xarici ölkə vətəndaşların görüntüləri KİV-lərdə, sosial şəbəkələrdə yayımlanıb. Bu gün də tam məhsuliyətimlə bildirir və qeyd edirəm ki, istənilən turist yol polisindən və ya digər xidmət sahələrində fəaliyyət göstərən həmkarlarımızdan hər hansı bir informasiya soruşursa sözsüz ki, ona hərtərəfli izah etməyə çalışırıq və onun mənzil başına çatmasını təmin edirik. V.Əsədov hesab edib ki, dünyanın ən humanist yol polisləri Azərbaycandadır: "Bizdə olan qonaqpərvərlik, diqqət, qayğı mənə elə gəlir heç bir dövlətdə, millətdə yoxdur. Onun üçün də dünyanın ən qonaqpərvər millətiyik. İnanmaq istəmirəm ki, ikinci belə qonaqpərvərlik hansısa millətdə ola bilər!.