"Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasına verilmiş tapşırıqlara uyğun olaraq Energetika Nazirliyi elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirir.
Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən açıqlamada bildirlib.
Qeyd edilib ki, qəzanın səbəblərinin müəyyən edilməsi və fəsadlarının aradan qaldırılması məqsədilə Almaniya və Rusiyanın ixtisaslaşmış şirkətlərindən dəvət olunmuş ekspert qrupu ilə birgə araşdırmalar aparılıb.
"Araşdırmaların ilkin nəticələri və "Azərbaycan İES-in 330 kV-luq yarımstansiyasında aparılan təhlillər Nazirlikdə müzakirə edilib. "Azərbaycan İES və Mingəçevir - Abşeron xəttində qəza halları zamanı sistemin etibarlılığı və dayanıqlığının təmin edilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlərin həyata keçirilməsi ilə bağlı "Azərenerji ASC-yə tapşırıqlar verilib. Eyni zamanda xarici ekspert qrupunun ilkin rəyi və həyata keçiriləcək tədbirlər barədə məlumatlar Dövlət Komissiyasına təqdim olunub.
Bundan başqa, Dövlət Komissiyasına verilmiş digər tapşırığa əsasən strateji və dövlət əhəmiyyətli obyektlərin generatorlarla təminatı ilə bağlı araşdırmalar aparılır və müvafiq təkliflər hazırlanır.