Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 27-də İmişli, Saatlı, Sabirabad, Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Unikal.org xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən görüş İmişli Rayon Mədəniyyət Evində təşkil olunub.
Dövlət Komitəsinin sədri müxtəlif məsələlərlə bağlı müraciət edən məcburi köçkünləri ayrı-ayrılıqda dinləyib. Müraciətlər, əsasən, mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
Görüşdə iştirak edən məcburi köçkünlər onlara göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq ediblər.