Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Psixiotrik Xəstəxanasında dava baş verib.
Unikal.org musavat.com-a istinadən bildirir ki, xəstəxananın şöbə müdiri Zeynəbxanım Səmədova xəstə yaxınlarından biri tərəfindən döyülüb. Xəsarət alan şöbə müdiri polisə müraciət edib. Şöbə müdiri xəstəxanada müalicə olunan 1928-ci il təvəllüdlü Məmmədağa Dadaşovun qızı Natiqə Əliyeva tərəfindən döyüldüyünü bildirib.
Tərəflər arasında davanın olmasına səbəb xəstəxanaya gələn Natiqə Əliyevanın 88 yaşlı atasının bədənində xəsarət izlərini görməsi olub. Bundan qəzəblənən N.Əliyeva atasının döyüldüyünü düşünüb və şöbə müdiri ilə mübahisə edib. Mübahisə zamanı N.Əliyeva şöbə müdirini vurub və ona xəsarət yetirib.
Z.Səmədova hadisədən sonra Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək, N.Əliyeva tərəfindən döyüldüyünü bildirib. N.Əliyeva isə öz növbəsində polisə müraciət edərək, atasının xəstəxanada döyüldüyünü deyib.
Musavat.com-a danışan şöbə müdiri Zeynəbxanım Səmədova hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparıldığını dedi: "Hadisə olub. Ancaq kimin günahkar olduğunu, kimin kimi döydüyünü prokurorluq tərəfindən aparılan araşdırma müəyyən edəcək. Mənim aldığım xəsarətlərlə bağlı ekspertizanın rəyi var. Həmçinin Məmmədağa Dadaşovun da... Kimin günahkar olduğu aydın olacaq".
Şöbə müdiri N.Əliyevanın iddiasının əsassız olduğunu bildirdi: "Mən sizə sual verirəm ki, 88 yaşlı kişini kim döyər? Məmmədağa Dadaşovun qollarında zədə izləri var idi. Ancaq mən səhər xəstəxanaya gələndə bu halla rastlaşmışam. Xəstə pəncərənin barmaqlıqlarını sındırmağa cəhd edib. Bu zaman xəsarət alıb".
Z.Səmədova 88 yaşlı Məmmədağa Dadaşovun xəstəxanandan evə buraxıldığını bildirdi.