Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən, institutda "Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb.
Unikal.org xəbər verir ki, institutdan verilən məlumata görə, yeni mərkəz Azərbaycanın ümumdünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyən edəcək.
Mərkəz Azərbaycanın türk-müsəlman dünyasındakı yeri və roluna, xüsusilə strateji coğrafi məkan olaraq əhəmiyyətinə dair araşdırmalara xüsusi diqqət yetirəcək. Bu mərkəz vasitəsilə Azərbaycan xalqının tarixi xarici ölkələrdə, o cümlədən Türkiyə və digər türkdilli respublikalarda doğru-düzgün təbliğ ediləcək.
Qeyd edək ki, AMEA-nın Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi mövzusundakı beynəlxalq elmi konfrans zamanı qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixinə dair strateji əhəmiyyəti olan problemlər müəyyən ediləcək və bu istiqamətdə birgə tədqiqatlar aparılacaq.
Sentyabrda Bakı şəhərində Tarix İnstitutu və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçiriləcək. Beynəlxalq konfransda Qafqazın, Mərkəzi Asiyanın və Volqaboyu türk xalqlarının tarixinə dair məruzələr dinləniləcək.
Beynəlxalq konfransın işində dünyanın tanınmış tarixçi alimləri iştirak edəcəklər. Bakıda keçiriləcək tədbir Tarix İnstitutunun Türkiyə Cümhuriyyətinin Strateji Düşüncə İnstitutu ilə birgə təşkil etdiyi ilk konfransdır.