Bu gün İkinci Fəxri Xiyabanda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin anım mərasimi keçirilib.
Unikal.org publika.az-a istinadən bildirir ki, Milli Qəhrəmanın məzarı ətrafında böyük insan izdihamı yaşanıb.
Anım mərasimində şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev, yaxın qohumları, Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, hərbçi Ramil Səfərov və digər şəxslər iştirak ediblər.
Şəhidin atası Telman Mirzəyev publika.az-a açıqlamasında deyib ki, indi Azərbaycanın Murad Mirzəyev kimi qəhrəman və mərd zabitlərinin sayı çoxdur.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü qorunması uğurunda şəhid olan Azərbaycanın bütün hərbçiləri Murad Mirəzyev kimi qəhrəmanlardır: "İnanırıq ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq və Qarabağ döyüşlərində indiyədək şəhid olan bütün Azərbaycan övladlarının qanı yerdə qalmayacaq. Biz buna çox əminik və inanırıq. İnşallah yaxın vaxtlarda hər birimiz bunu görə biləcəyik, Allah bu günü bizə qismət edəcək".
Şəhid atası, həmçinin qeyd edib ki, hazırda Murad Mirzəyevin 2 azyaşlı övladı var: "Uşaqlar hələ bilmirlər ki, ataları şəhid olub. Murad Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı veriləndə, bizi də Bakıdakı bu mərasimə çağırmışdılar. Həmin mərasimə uşağı da gətirmişdik. Sonra eşitdim ki, uşaq evə gələndən sonra evdəkilərdən soruşub ki, atama nə üçün "ölümündən sonra Milli Qəhrəman adı verilib" deyirdilər. Uşaq hələ bilmir ki, atası şəhid olub. Kiçik övladı olan qız isə tez-tez deyir ki, atam erməni öldürməyə gedib, qayıdıb evə gələcək".
ATXƏM-in sədri İlham İsmayılov isə qeyd edib ki, yaxın günlərdə "Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda böyüməsi və tərbiyəsi" mövzusunda yazı müsabiqəsi elan ediləcək: "Bu müsabiqə Azərbaycan Mətbuat Şurası və ATXƏM tərəfindən birgə təşkil olunacaq. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü isə müsabiqəyə yekun vurulacaq. Müsabiqədə nəzərdə tutulan mövzulardan biri şəhid Murad Mirzəyev haqqında və sairə olacaq. Müsabiqədə ən yaxşı yazılara görə mükafatlar təqdim olunacaq".
İ.İsmayılov bildirib ki, Milli Qəhrəman Murad Mirəzyevin təhsil aldığı məktəbdə də eyni mövzuda layihə həyata keçiriləcək: "Gələcəkdə isə şəhid Murad Mirzəyevin doğulduğu ərazidə və ya rayonda adının əbədiləşdirilməsi ilə bağlı dövlət tərəfindən addımlar atıla bilər. Hər halda ATXƏM olaraq biz bununla bağlı müvafiq qurumlara müraciət edəcəyik. Onu da deyim ki, ATXƏM bundan sonra da şəhidlərimizin, həmçinin, gənclər arasında sağlam hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində geniş təbliğatını davam etdirəcək".
Daha sonra Bakının Yasamal rayonunda şəhid Milli Qəhrəman Murad Mirzəyevin 40 mərasimi keçirilib.
Xatırladaq ki, erməni silahlı bölmələrinin 2016-cı il aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev Milli Ordunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılovla bərabər şəhid olub. Onların meyiti aprelin 10-da Azərbaycan tərəfə təhvil verilib.