Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, sabiq müdafiə naziri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, nazirliyin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı bildirib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir.
 
Onun sözlərinə görə, birgə keçirilən tədbirlər əsgər və zabitlərin, xüsusi təyinatlı hərbi təhsil müəssisələrin kursantlarının mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir.
 
D. Rzayev isə aprel ayında dördgünlük savaş zamanı döyüşçülərimizin erməni silahlı təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və igidliklərdən danışıb, bir çox əhəmiyyətli yüksəkliklərin azad edilməsindən xalqımız kimi veteranların da qürur duyduğunu və fərəh hissi keçirdiklərini bildirib. O, veteranlarımızın da Qarabağ uğrunda döyüşlərə atılmağa hazır olduqlarını deyib, habelə gənclərin vətənpərvərlik tərbiyəsində səylərini əsirgəməyəcəklərini vurğulayıb.
 
Ehtiyatda olan polkovnik C. Xəlilov isə Veteranlar Şurasının Rəyasət Heyətinin bu günlərdə geniş iclas keçirdiyini və aprel döyüşlərində xüsusilə fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması haqqında qərar qəbul etdiklərini bildirib. O qeyd edib ki, cəbhə bölgəsindəki bütün hərbi hissələri təmsil edən və döyüşlərdə şəxsi şücaət və rəşadət nümunələri göstərən bir qrup hərbi qulluqçu təşkilatın təsis etdiyi "General Səməd bəy Mehmandarov", "General Əliağa Şıxlinski", "General Cəmşid Naxçıvanski", "General Həzi Aslanov" yubiley medalları, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
 
Veteranlar Şurasına bu tədbirə görə minnətdarlığını bildirən birlik komandiri general-mayor Hikmət Həsənov bu diqqət və qayğıya cavab olaraq döyüşçülərimizin bundan sonra da Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanacaqlarını, düşmənin istənilən təxribatlarının qarşısını mərdliklə alacaqlarını xüsusi qeyd edib.
 
Sonra qonaqlar əsgərlər üçün yaradılan xidmət şəraiti ilə tanış olub və bunun çox yüksək səviyyədə olduğunu etiraf ediblər.