Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup Qarabağ qazisinin səsləndirdikləri ittihama münasibət bildirib.
Nazirlikdən Unikal.org-a göndərilən açıqlamada bildirilir: "Bu gün saat 10.15-də nazirliyin "Qəbul otağı"na 3 nəfər Qarabağ müharibəsi əlili, Salyan rayon sakinləri adlarını təqdim etmədən mənzil təminatı ilə əlaqədar nazirin qəbuluna yazılmaq istədiklərini bildirib. Bu barədə onlara ətraflı izahat verildikdən sonra heç bir narazılıq bildirmədən çıxıb gediblər. Həmçinin bu gün I qrup Qarabağ əlili Salyan rayon sakini Cəfərov Şahin Musaxan oğlu mənzil təminatı ilə əlaqədar qəbulda olub və ona prosedurlar barədə ətraflı izahat verilib."
Xatırladaq ki, Unikal.org-a müraciət edən bir qrup Qarabağ qazisi bu gün Sahil Babayevin qəbul günü olsa da amma buna baxmayaraq onları nazirlikdə qəbul etmədiklərini bildiriblər. .2-ci qrup Qarabağ əlili olan Qarayev Nəsib Mustafa oğlu ev növbəsi ilə bağlı nazirlə görüşmək istədiklərini deyib.
"Biz 4 nəfər Qarabağ əlili hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısındayıq.Biz dəfələrlə nazirliyə gəlsək də, yeni nazir Sahil Babayev bizi qəbul edib, dərdimizi dinləmir.Aşağıda bizi onun qəbuluna yazıb, buraxmırlar.Nazirliyin qarşısında etirazımızı bildirdikdən sonra arabada olan birinci qrup əlil olan şəxsi yuxarı qaldırdılar.Onu da nazir qəbul edəcək vədi ilə aparsalar da Sahil Babayev onu qəbul etməyib.Həmin 1-ci qrup əlilini nazir müavini Natiq müəllim qəbul edib.Biz evlə təmin olunmaq üçün Sahil Babayevlə görüşmək istəyirik.Cənab prezident İlham Əliyevin sərəncamı var ki, evi olmayan Qarabağ əlilləri 2018-ci ilə qədər evlə təmin olunsun.Buna baxmayaraq nə vaxt nazirliyə gəlirik, burada bizim dərdimizi dinləyəcək adam tapmırıq".