Qızmar isti hava insanın sağlamlığı və hətta həyatı üçün ciddi risk faktoru sayılır.
Unikal.org ARB 24-ə istinadla xəbər verir ki, bəzi qrup insanlar üçün isti hava daha təhlükəlidir.
Ürək-damar xəstəliyi olan insanlar anomal istilərdə çox ehtiyatlı olmalıdırlar. Çünki yay aylarında ürək tutmaları, infarkt, ürək xəstəliklərinin ağırlaşması hallarına daha tez-tez rast gəlinir. Buna görə də, isti havalarda belə xəstələr özlərini qorumalıdırlar.
Bu insanlar isti havanın orqanizmə olan mənfi təsirini mümkün qədər azaltmaq üçün günorta saatlarında çölə çıxmamalı, sərin yerdə qalmalı, düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidirlər. Bundan başqa, təyin olunmuş dərman preparatlarını vaxtında qəbul etmək, sağlamlığında cüzi də olsa dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır.
Mövsüm dəyişikliyi insanın psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. İnsanların bir qismi yay aylarında özlərini daha yaxşı hiss edir. Bir qismi isə əksinə, enerji azlığı, yorğunluq, diqqət pozuntusu, sıxıntı, yuxusuzluq və iştah dəyişiklikləri hiss edir.
Gün altında qalan şəxs istər-istəməz ilk növbədə, pis hallar haqqında düşünür. Bu da birbaşa əsəb sisteminə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, xəstəliklərin böyük əksəriyyətinin, o cümlədən damar xəstəliklərinin əmələ gəlməsində əsəb sisteminin rolu böyükdür. Beyində iki əsas proses-ləngimə və oyanma gedir. Oyanmanın ləngimədən üstün olması əsəb sistemində gərginlik yaradır. Simpatik sinir sisteminin aktivliyi artır. Aktivliyin artması qanda həyəcan hormonlarının çoxalmasına gətirib çıxarır. El arasında deyilən "qanı yaman qaraldı" ifadəsi özünü doğruldur. Xüsusilə də ilboyu işləyən və istirahət etməyən adamlarda bu, özünü daha çox biruzə verir.
Mütəxəssislər deyirlər ki, ötən əsrin əvvəllərində insanlar daha sağlam idilər və informasiyaları az idi. İndi qidamız o dövrün qidası ilə müqayisəyə gəlmir, həm də hər şeyi bilmək istəyirik. Müasir dövrdə kompüter məişətimizə elə daxil olub ki, bir gün internetsiz, informasiyasız qala bilmirik. Əsəb sistemimiz də əvvəlki insanların sağlıq durumu ilə müqayisədə xeyli dəyişib. Əsəb sistemi qaydasında olmayan insan "maqnit burulğanı olacaq" kəlməsini eşidən kimi ürək döyüntüləri artır, qan təzyiqi qalxır. Belə insanların istirahətə vaxt ayırması vacibdir.
İsti hava şəraiti insanda olan çatışmazlıqları üzə çıxaran səbəbdir. Xəstəliyin kökü deyil. Bəzən 40 dərəcə hərarətlə yanına gələn xəstəyə "havadandır, bu istiyə kim dözər" deyən həkimlərə də rast gəlirik. Az qala, hər 10 xəstədən 5-nə belə deyilir. Düzdür, əsəb, həyəcan, təşviş ümumi orqanizmə mənfi təsir edir, amma bu təsiri də aradan qaldırmaq lazımdır. Əgər müayinələrdə digər orqanik səbəb tapılmayıbsa, xəstə əsəbdən özünü yeyirsə, o zaman onu psixoterapevtə, psixoloqa yönəltmək lazımdır. Hər şey əsəbdəndir deyib, əlavə müayinə və müalicəyə gərək görməyən həkimdən də qaçın. Hər cür havada öz sağlamlığınızın qayğısına qalın!