Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib. Qeyd edək ki, yeni qərar bu gündən etibarən qüvvəyə minib.
Unikal.org xəbər verir ki, Finans.az saytı kommunal xidmətlərin qiymətlərinin artlb-artmayacağı haqda ehtimalları araşdırıb. "Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sayta bildirib ki, yaxın zamanda bu cür artımın olub olmayacağı hələ bilinmir: "Biz də icra edən qurumuq, dövlət, tarif şurası, Milli Məclis hansı qanunu versə, o qanun da icra olunacaq.
Azərsu mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumun gündəmində belə bir məsələnin olmadığını vurğulayıb.
Azəriqaz mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, həmin qurum tərəfindən Tarif Şurasına tariflərin artması ilə bağlı hər hansı bir müraciət olunmayıb.
İqtisadçı millət vəkili Azər Badamovun fikrincə xidmət artımı hər bir ailənin daxili büdcəsinə öz təsirini göstərəcək: "Tarif Şurasının qərarı ilə Metro və ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı qərar qəbul olunmuşdu və əhaliyə avqustun 1-dən yeni tariflərlə xidmət göstəriləcəkdir. Təbii ki, hamı kimi mənim ailəm də ictimai nəqliyyatdan istifadə edir və bizim ailə büdcəmizə də bu öz təsirini göstərəcəkdir. Amma biz bununla bağlı mövcud vəziyyəti də başa düşməliyik. Bizdə ictimai nəqliyyatda xidmətlər demək olar ki, regionda ən aşağı qiymətlərdir. Hətta artımdan sonra da regionda ən aşağı qiymətlər olaraq qalır. İctimai nəqliyyatda xidmətlərin müasirləşdirilməsi üçün hər il dövlət büdcəsinindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Qiymətlərin ucuz olması xidmətlərin müasirləşdirilməsində çətinlik yaradır, bu sahəyə dövlət büdcəsindən ayrılan dotasiyanın da artmasına gətirib çıxarır. Vəziyyət də həmişə belə davam edə bilməz. Dünyanın hər yerində xidmət sahələri həm xidmət göstərir, həm də pul qazanırlar. Amma bizdə isə daim dövlətin himayəsindədir. Düşünürəm bunun üçün qiymətlərdə müəyyən artıma zərurət yaranmışdı. Düşünürəm ki, gediş haqlarından gələn əlavə vəsait yeni metro stansiyaların tikintisinin sürətləndirilməsinə, müasir avtobusların alınmasına , qeyd olunan xidmət sahələrində iş fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.