Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sabit Demokratiya Texnologiyaları İctimai Birliyi tərəfindən "Erməni separatçılarının özününküləşdirməyə çalışdığı xristian alban abidələri və bunun arxasındakı siyasi hədəflər adlı layihə həyata keçiriləcək.
Unikal.org xəbər verir ki, Qərbi Kaspi Universitetinin müəllim və tədqiqatçıları ilə yanaşı, tələbələrinin də tədqaiqatçı qismində iştirak edəcəyi layihədə ermənilərin Dağlıq Qarabağ və işğal altındakı digər ərazilərdə "özününküləşdirdiyi abidələrin siyahısı tərtib olunduqdan sonra layihə iştirakçıları Dağlıq Qarabağ və həmin abidələrin yerləşdiyi digər rayonlarda (Tovuz, Daşkəsən, Qazax və Göygöl) arxiv materiallarını araşdıracaq, həmin təcrübədən keçən insanların ailələri ilə şifahi tarix metodu ilə intervyular aparacaqlar.
Universitetin tədqiqatçıları və Siyasi və İctimai Elmlər Məktəbinin tələbələri abidələrin yaranma tarixi, həmin dövdə mövcud olan tarixi şəraiti araşdıracaq. Bu haqda bir neçə xarici dildə hesabat xarakterli araşdırma materialları hazırlanacaqdır. Həmin araşdırmalar İngilis və Rus dillərinə tərcümə olunaraq, bir sıra akademik çevrələrdə və mediada yayımlanacaq.
Layihənin başlıca məqsədləri Dağlıq Qarabağın tarixə dayanan etnik tərkibi və yerli xalqlar arasındakı münasibətləri, ermənilərin Qarabağa köçürülməsindən sonra yerli xristianların zorla erməniləşdirilməsini araşdıraraq üzə çıxarmaqdır. Eyni zamanda Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda özününküləşdirməyə çalışdığı xritstan alban məbədlərinin arxasındakı siyasət tədqiq ediləcək və bunun beynəlxalq konvensiyalara zidd olduğu ictimailləşdiriləcək. İşğal altındakı rayonlar boşaldılana qədər qədim alban abidələrinin öz tarixi adları kimi təsdiq edilməsi üçün zəruri işlərin planı hazırlanacaq.
Sonda layihədə iştirak edən tarixçilər, siyasi ekspertlər və tələbələr tərəfindən birgə toplanmış materialların ətraflı müzakirəsi məqsədi ilə elmi konfrans təşkil olunacaq və konfransın materialları çap olunacaqdır.
Layihə Qərbi Kaspi Universitetinin tələbələrinə praktik çalışmalarda birbaşa, təcrübəli tarixçilər, tədqiqatçılarla birgə işləmək imkanı qazandıracaq.