Bu gün Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Unikal.org xəbər verir ki, söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişaf dinamikası müzakirə olunub. İlham Əliyev bu il mart ayının sonlarında Vaşinqtonda Co Bayden ilə keçirdiyi görüşü məmnunluqla xatırladıb.
Dövlət başçısı və ABŞ-ın vitse-prezidenti həmin görüş zamanı səmərəli müzakirələrin aparıldığını vurğulayıblar. Eyni zamanda, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu yaxınlarda Vyanada keçirilən görüşlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əhəmiyyəti qeyd olunub.
İlham Əliyev münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinin vacibliyini bildirib.
Söhbət zamanı uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Co Bayden və Ermənistan prezidenti Serj Sarkisyan arasında da telefon danışığı olub. Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada əldə olunmuş razılaşmaların tam və səmərəli həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.