Xəbər verdiyimiz kimi, mayın 19-da, axşam saatlarında Bakı küçələrində bir neçə dəfə qəza şəraiti yaradan və polisin "saxla" əmrinə tabe olmayaraq onun üstünə maşın sürən sürücü saxlanılıb.
Unikal.org avtosfer.az-a istinadən bildirir ki, həmin sürücünü təxminən 8 DYP avtomobili, 20-yə yaxın yol polisi əməkdaşı təqib etsə də, "KIA" markalı nəqliyyat vasitəsinin sürücüsü təxminən 1 saata yaxın müddətdə Bakının 10 küçəsində avtoxuliqanlıq edib. Nicat Nurpaşa oğlu Abdullayev hətta küçələrdə riskli manevrlər etməkdən də çəkinməyib. Paytaxt polisini bir-birinə vuran sürücü yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Yoxlama zamanı onun hərəkətlərinin əsl mahiyyəti ortaya çıxıb. Məlum olub ki, avtoxuliqanlıq edən gənc sərxoş olub. Nərimanov rayon 16-cı polis bölməsinə gətirilən gəncin danışmağa belə halı olmayıb. Tam anlaqsız vəziyyətdə olan Nicat nə danışacağını da unudub.
Avtoxuliqanlıq etməyi, sərxoş olması bir yana, heç idarə etdiyi maşın da özünün olmayıb. Onun küçələri bir-birinə qatdığı maşın kirayələnib. Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənc sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün 3 dəfə sürücülük hüququndan məhrum edilib.
Mayın 20-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Nicat Abdullayev 20 gün inzibati həbs cəzasına məhkum edilib və Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, Nicat Abdullayevin atası məmurdur. O, nazirliklərin birində yüksək vəzifə tutur. Eyni zamanda, turizm sektorunda da fəaliyyət göstərir. Avtoxuliqanın atası geniş biznes şəbəkəsinə malikdir. Atasına güvənən Nicat Abdullayev ötən il də avtoxuliqanlıq edərək saxlanıldığı üçün məhkəmə qərarı ilə sürücülük hüquqqu 1 il müddətinə məhdudlaşdırılıbmış. Mayın əvvəllərində həmin müddət başa çatdığı üçün sürücülük vəsiqəsini yenidən əldə edən N.Abdullayev cəmi bir neçə gün sonra yenidən "avtoş"luq edib tutuldu və yenə də vəsiqəni 1 illik itirdi.
Avtosfer.az Nicat Abdullayevin atası ilə bağlı maraqlı məlumatları da araşdırır və dəqiqləşdirmədən sonra oxuculara təqdim edəcək. İndi isə ANS-də həmin avtoxuliqanla bağlı yayımlanan videomateriala baxıb bu gəncin yol polisinin üstünə maşın sürməsinin, insanların həyatı ilə oynayıb necə harınlıq etməsinin canlı görüntüləri ilə tanış olun...