"Qarabağ" Avropada ortabab klublardan biri olmaq üçün məqsədli şəkildə çalışır. ÇL-in qrupuna düşmək istəyirik. Hədəfimiz yüksəkdir. Avropa Liqasının qrup mərhələsi də variantlardan biridir".
Unikal.org sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yay transfer dönəmində "Sportinq"dən heyətinə cəlb etdiyi Simeon Slavçev deyib. Bolqarıstanlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubunda ona dəyər verildiyini deyib:
"Sportinq"dən ayrıldığım üçün çox sevinirəm. Orada qalmaq mənim üçün artıq yük idi. "Qarabağ"a gəlməklə düzgün qərar verdim. "Qarabağ"ın heyətində ÇL-də bütün görüşlərdə çıxış etmişəm və hamısında yüksək səviyyədə oynadım. Formamı bərpa etmək üzrəyəm. Topla oynayıram və hücumlara çıxıram. "Qarabağ"ın oyun stili çox xoşuma gəlir. "Kukesi" ilə son oyunumda penalti ilə nəticələnən 3 məhsuldar ötürmə etdim. "Qarabağ"da xoşbəxtəm, çünki burada mənə "Sportinq"dən fərqli olaraq, dəyər verilir".
Slavçev III mərhələdəki rəqibləri olan BATE haqda danışıb: "BATE-nin oyununu izləmişik. Çox yaxşı komandadır. Rəqibi dəyərləndirməsən, sənə baha başa gələcək. Müasir futbol belədir. Kollektiv şəkildə oynamalıyıq. BATE-ni mübarizədən kənarlaşdıraraq, yolumuza davam edə bilərik".
24 yaşlı yarımmüdafiəçi ölkəmiz haqda da fikirlərini bildirib: "Azərbaycanda mədəniyyət fərqli olsa da, Avropaya yaxındır. Yerli dili anlamıram. Rus dilindən istifadə etməyə çalışıram. Komandada çoxlu legionerlər var. Burada bolqar mütəxəssis Çudomir Çokarovla yaxşı münasibətim var".