Maksimum sürəti 160 kilometr/saat olan yük maşını 170-lə radara düşüb.

Unikal.org "Xəzərxəbərə istinadən məlumat verir ki, maraqlı hadisə Şirvan sakini Rahil İmanovun başına gəlib. Onun idarə etdiyi yük maşını iyulun 30-da İmişlidən Beyləqan istiqamətində hərəkətdə olarakən magistral yolun 91-ci kilometrliyində radara düşüb. Rahil İmanova sürət həddi saatda 90 kilometr olan ərazidə nəqliyyat vasitəsinin 170 km/saat sürətlə hərəkət etdiyinə dair protokol gəlib.

Rahil İmanov deyir ki, idarə etdiyi yük maşınının maksimum sürəti 160 km/saatdır. Lakin heç bu sürətdə də sürə bilməz. Çünki nəqliyyat vasitəsi firmaya məxsusdur və ona GPS sistemi quraşdırılıb. Sürət həddi qoyulan limiti aşdıqda sürücü rəhbərlik tərəfindən cəzalandırılır. Nəqliyyat və yol hərəkəti üzrə ekspertlər isə bildirirlər ki, bu cür məsələlər adətən texniki səhvlər zamanı ortaya çıxır. Bunun üçün nəqliyyat vasitəsinin texniki göstəriciləri və radara düşdüyü vəziyyət tam araşdırılmalı, sonra hüquqi qiymət verilməlidir. Bunun üçün sürücü məsələnin araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir.