Bugündən etibarən 2018-2019-cu tədris ili üzrə "ASAN peşə layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluna başlanılıb.
Unikal.org xəbər verir ki, Təhsil Nazirliyi və "ASAN xidmətin birgə həyata keçirdiyi "ASAN peşə layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 26-dək "ASAN xidmət və "ASAN Kommunal mərkəzlərində ödənişsiz formada həyata keçiriləcək. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılacaq. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət mərkəzlərində aparılacaq.
"ASAN xidmət mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən "ASAN xidmətə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.
Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.