"Xudafərin" şadlıq sarayında ofisiant işləyən 30-a yaxın gənc dünənki toydan qalan məvaciblərini ala bilmirlər.
Unikal.org xəbər verir ki, müsavat.com-un əməkdaşı restoranda baş verən problemlə maraqlanıb.
Belə ki, bəzi ofisiantlarla həmsöhbət olub, nə baş verdiyini dəqiqləşdirdi: "Dünən gecəyarısı işimizi bitirib, restorandan ayrıldıq. İndi həmişəki kimi, işlədiyimiz günün pulunu almağa gəlmişik. Pulumuzu işlədiyimiz gün yox, növbəti gün alırıq. Saatlardır ki, gözləyirik. İçəridə nəsə çatışmazlıqların olduğunu deyirlər. Dünən tələsikdən ofisiantlardan biri 100 manat dəyərində boşqab sındırıb. İndi həmin pulu ödəmək lazımdır. Administrator o pulu bizdən almaq istəyir. Dünən 14 manat qazancım olub. Onun 3 manatını kəsdilər. Uşaqlar da bunun mübahisəsini edirlər. Administrator həmin pulu bizim boynumuza qoyur. Bir nəfərin səhvi ucbatından hamını cəzalandırırlar".
Onu da öyrəndik ki, restoran öz işçilərini istismar edir. Yəni az əmək haqqı qarşılığında onları daha çox işlədirlər: "Təsəvvür edin ki, günorta saat 3-də işə gəlirik. Masaların üstünü düzəldirik, boşqabları düzürük. Toy başlayana kimi bir dəqiqə dayanmaq yoxdur. Bəzən elə olur ki, toy gecə yarısına kimi davam edir. Gecə saat 2-yə qədər qaldığımız vaxtlar olub. Ən azı 10 saat işləyirik. Bununla işimiz bitmir. Səhər yenidən restorana gəlirik. Masaları düzəldirik, örtükləri dəyişirik. Bir neçə saatımız da burada gedir. Yenidən evimizə qayıdırıq. Bir də təzədən toy üçün gəlirik. Günümüzün çox hissəsi burada keçir. Bu qədər işin qarşılığında 14-15 manat pul alırıq. Hər dəfə 2-3 manat kəsirlər. Bu gün elə işçilər var ki, maaşından 5 manatını tutdular. Hər dəfə nəsə bir problem çıxır".
Ən dəhşətli mənzərə isə Anar adlı administratorun ofisinatları təhqir etməsi, onlara qarşı nalayiq ifadələr işlətməsi idi.