Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da Şəhidlər xiyabanını ziyarət edib.
Unikal.org xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Ali qonaq "Əbədi məşəl abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
*** 12:18
Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Unikal.org xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri qoyub.