"Xəzər Dəniz Gəmiçiliyi"nin vergi borcu kəskin artıb
"Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 24 mln. 908,6 min manat, 2014-cü illə müqayisədə 17 mln. 955,5 min manat artaraq 25 mln. 7,4 min manatadək yüksəlib.
"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 147,3 min manat (72,7%) azalaraq 55,2 min manat, artıq ödəmənin həcmi isə 572,1 min manat (7,8%) azalaraq 6 mln. 783,8 min manat təşkil edib.
Cəmiyyətin fəaliyyətinə təsir edən amillər kimi əvvəlki ilə nisbətən dəniz nəqliyyatı ilə yükdaşımanın həcminin 33,3% azalaraq 6,6 mln. ton, sərnişindaşımanın həcminin 43,6% azalaraq 8,4 min nəfər, yük dövriyyəsinin isə 3,3 mln. sərnişin-km təşkil etməsini, tikilməsi sifariş olunan üç sərnişin gəmisindən birinin suya buraxılmasını, beynəlxalq sularda fəaliyyətin genişləndirilməsini çərçivəsində üç gəminin Qara və Aralıq dənizləri hövzələrinə çıxarılmasını qeyd etmək olar. Eyni zamanda nəzərə alınmalıdır ki, 2014-cü ilə nisbətən 2015-ci ildə dəniz nəqliyyatı ilə sərnişin daşıma xidmətinin qiymət indeksi 139,6% təşkil edib.