Dağlıq Qarabağ münaqişəsi zonasındakı "dördgünlük müharibə"nin Ermənistan üçün ağır nəticələrindən İrəvan hələ də qurtula bilmir.
Ağdərə rayonundakı Madagiz kəndinin ətrafında məskunlaşmış alay Azərbaycan ordusunun mövqelərinə hücuma keçmişdi. Lakin ordumuzun əks-hücumu nəticəsində Ermənistan ordusunun bu kənddə və ətraf yüksəliklərdə yerləşdirdiyi mövqelər darmadağın edildi, alayın hərbçiləri də qaçdılar.
Bununla bağlı olaraq "Madagiz alayı"nın komandanlığı cəzalandırılıb. Alay komandiri Harutyun Amirxanyan isə rütbəsi kiçildilmək şərtilə vəzifəsindən azad olunub.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Hovannisyan bu xəbəri təsdiqləyib: "Məndə olan məlumata görə, H.Amirxanyan vəzifəsindən kənarlaşdırılıb".
Bununla belə, o, Madagizdəki alayın guya Ermənistan Müdafiə Nazirliyinin yox, Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşmələrinin tərkibində olduğunu söyləyib.
"Dördgünlük müharibə" başlayan ilk gündən H.Amirxanyan gözə dəyməyib.
Cəzalaşdırılmış H.Amirxanyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Yuri Xaçaturovun qohumudur. Daha doğrusu, Y.Xaçaturov bu qorxaq zabitin "xaç atası"dır.
"Dördgünlük müharibə" başa çatandan sonra ortaya çıxan H.Amirxanyan "ayağı sındığına görə" aprelin 1-dən 5-dək Xankəndidəki hospitalda müalicə olunduğunu deyib.
"Haykakan Jamanak" isə bildirir ki, H.Amirxanyan qovulsa da, bu yaxınlarda Ermənistan ordusunda daha yüksək rütbəyə təyin oluna bilər.