Bakıətrafı ərazilərə hərəkət edən və ödənişi kartla olan avtobuslarda vətəndaşlar məsafədən asılı olmayaraq eyni məbləği ödəməli olurlar.

Unikal.org xəbər verir ki, kimsə yolun yarısında avtobusdan düşsə belə, kartdan maksimum məbləğ çıxılır. Məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib.

Tarif Şurası Bakıətrafı ərazilərə məsafədən asılı olaraq fərqli gediş qiymətləri tətbiq edib. Ancaq gedişhaqqı kartla ödənilən avtobuslarda Tarif Şurasının qərarı vətəndaşın daha az məsafə qət edəcəyi halda açıq-aşkar pozulur.

Məsələn, 175 və 125 saylı marşrut xətlərinin avtobusları ilə hərəkət edən sərnişinlər yarı yolda düşsələr belə, onlar 10 qəpik daha çox vəsait ödəmiş olurlar. Halbuki, məsafədən asılı olaraq vətəndaşların ödəməli olduqları gedişhaqqı isə belədir: 15 km-dək məsafə qət edən marşrutlarda gediş haqqı 30 qəpikdir. 15-30 km arasında hərəkət edən marşrut avtobuslarında qiymət 40 qəpik, 30-40 km arasındakı məsafə üçün 50 qəpik, 40-45 km-dək 60 qəpik, 45-50 km-dək 80 qəpik, 50 km-dən yuxarı yol qət edən marşrut avtobuslarında isə gediş haqqı 90 qəpik müəyyən edilib..

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər xəbərə bildiriblər ki, bu problemin həlli ilə bağlı aidiyyatı üzrə iş aparılır. Vətəndaşların məsafədən asılı olaraq tələb olunan pulu ödəmələri üçün avtobusa əlavə avadanlıqlar quraşdırılmalıdır. Bu texniki məsələlər həll olunduqdan sonra gedişhaqqının ödənilməsi tam qaydaya düşəcək.