Qərbi Kaspi Universiteti Berlin Riyaziyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində Almaniyanın 3 tanınmış universitetində təqaüdlə təhsil imkanı yaradır.

Unikal.org xəbər verir ki, universitet mühəndislik və dəqiq elmlər sahəsində innovativ, praktik bacarıqlara sahib mütəxəssislərin yetişməsi üçün ardıcıl layihələr həyata keçirir və Almaniyada riyaziyyat sahəsində təhsil imkanının yaradılması da bu layihələrdən biridir. Layihənin təşkilində əsas məqsəd Komputer elmləri, İnformasiya texnologiyaları, Mühəndislik ixtisasları və dəqiq və tətbiqi elmlər sahəsində kadr potensialının təkmilləşdirilməsi və mütəxəssis hazırlığında keyfiyyətin ciddi dərəcədə artırılmasıdır.

Məlum olduğu kimi dəyişən dünyaya uyğunlaşma fonunda son zamanlarda ölkəmizdə də dünyanın inkişaf tempinə uyğun olaraq mühəndislik, informasiya texnologiyaları, komputer elmləri istiqamətində mütəxəssislərə ehtiyac duyulur. Bununla belə gənclərimizin ixtisas seçimi zamanı daha çox humanitar sahələrə üstünlük verməsi, mühəndislik istiqamət üzrə olan ixtisasları hətta dövlət universitetlərində belə seçməməsinin və boş qalmasının şahidi oluruq. Bu layihəyə start verməkdə əsas məqsəd gənclərimizdə dəyişən dünyaya uyğunlaşma prosesini sürətləndirmək, ilk növbədə Qərbi Kaspi Universitetində inkişafda olan mühəndislik və komputer sahələri üzrə kadr potensialını daha da gücləndirmək və ümumilikdə ölkəmiz və onun iqtisadiyyatı üçün daha vacib sayıla biləcək istiqamətlər üçün yüksək hazırlıqlı peşəkarların formalaşmasına dəstək olmaqdır.

Bakalavr və magistratura məzunları proqramda iştirak üçün müraciət edə bilərlər.

Bu layihə çərçivəsində gənclər Almaniyanın 3 ali təhsil ocağında - Berlin Frei, Berlin Humbolt və Berlin Texniki Universitetlərində ödənişsiz təhsil ala bilərlər. Cari proqram üzrə seçilən və nəticələri yaxşı olan tələbələrin təqaüd alma imkanları da var.

Tələblər:
 TOEFL - minimum 79 bal və ya
 İELTS - minimum 6.5 bal və ya
 CAE - minimum C grade

Təhsil müddəti 3-4 il təşkil edir.

Sənəd qəbulu:
 5 sentyabr -1 dekabr 2018-ci il
 1 fevral - 1 aprel 2019-cu il
Proqramda iştirak etmək istəyənlər Qərbi Kaspi Universitetinin beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərlər.
Əlaqələndirici şəxs: Aygül Ələsgərova

Ünvan: Qərbi Kaspi Universiteti, Bakı şəhəri, Istiqlaliyyət 27
www.wcu.edu.az
012 492 - 61 - 63