Tanınmış italyan şirkəti "Paghere Green Service Societa Agricola S.R.L azərbaycanlı iş adamı Fərhad Əhmədovu və onun şirkətini məhkəməyə verib.

Unikal.org xəbər verir ki, azərbaycanlı biznesmenə məxsus "Baku Caspian Real Estates Limited MMC - italyan şirkətinə ödənməli olan 3 milyon avronu ödəməyib. 

Bildirilir ki, italiyan şirkət 2016-cı ildə Fərhad Əhmədova məxsus şirkətlə Bilgəh qəsəbəsində yerləşən 6 hektar ərazidə abadlaşdırma, yaşıllaşdırma işləri aparılması ilə bağlı müqavilə imzalayıb. 

Anlaşmaya əsasən, italyan şirkətinə görülən işlərin müqabilində ümumilikdə 12 milyon avro və əlavələr ödənilməli idi. Ancaq işlərin başa çatmasına az vaxt qalmış Fərhad Əhmədova məxsus şirkət 3 milyon avronu ödəmək istəməyib. Daha sonra italyanları ərazidən çıxarıb.

Bununla bağlı "Paghere Green Service Societa Agricola S.R.L şirkəti London Məhkəməsinə müraciət edib. Onlar F.Əhmədova qarşı maddi-mənəvi zərərə görə 5 milyon avroluq iddia qaldırıb. 

Şirkətin Azərbaycandakı hüquqi nümayəndəsi vəkil Kamandar Nəsibov "Report"a deyib ki, cinayət tərkibi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcək.

Qeyd edək ki, Fərhad Əhmədov Rusiyada yaşayır. O, "Rusiyanın ən varlı 200 biznesmeni siyahısında 67-ci yerdə qərarlaşıb.