Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş N.Dostəliyevanın məhkəməyə teleqram göndərdiyi elan olunub.
Xalq artisti ərizəsində məhkəməyə gələ bilməyəcəyini bildirib. O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını deyib.
Məhkəmənin növbəti iclası oktyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.
Məlumata görə, A.Həmidov taksi sürücüsü olub.
İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.
N.Dostəliyeva istintaqda dindirilən zaman söyləyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib.