Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində şair Leyla Bəyim və kinorejissor Yefim Avramovun müəllifi olduğu "İmmolatio ("Qurbanvermə") tamaşasının premyerası olub.
Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.
Pyes eyni ildə doğulmuş, eyni vaxtda dünyanın müxtəlif nöqtələrində - Şərqdə və Qərbdə, Azərbaycanda və Çexiyada yaşamış iki böyük mütəfəkkirə həsr edilib. İmadəddin Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) oxşar baxışlara, ideyalara, doğma dilin qorunması və inkişafına bənzər münasibətlərə sahib olublar.
Pyesdə Şərq və Qərb dünyasında mədəniyyətlərin və baxışların oxşarlığından bəhs olunur. Bu əsər imkan verir ki, tamaşaçı iki böyük mütəfəkkirin o dövrdə baş verən tarixi hadisələrə münasibəti ilə tanış olsun.
Əsər keçmişimizdən, qan yaddaşımızdan bu günə qədər yaşadığımız böyük bir dövrü əhatə edir. Pyesdə belə bir ideya var ki, istər Nəsimi, istərsə də Yan Qus gələcək nəsillərə ərməğan qoyub gediblər. Böyük axtarışlardan sonra hər kəs tam əmin olur ki, bu iki mütəfəkkirin qoyub getdiyi ərməğan əqidələri uğrunda apardıqları mübarizədir. Öz xalqlarına olan sonsuz sevgi, məhəbbət, əqidə uğrunda mübarizə, heç nəyin qarşısında sınmamaq... Onlar bütün bu yüksək ali keyfiyyətləri özlərindən sonra gələnlərə örnək olaraq qoyub gediblər. Əsərin əsas qayəsi də insanın öz əqidəsi uğrunda mübarizə aparmağa, öz xalqını sevməyə çağırışdır.
Nəsimi və Yan Qusa həsr olunmuş tamaşada sanki Şərq və Qərb arasında paralellər aparılır. Tamaşanın maraqlı tərəflərindən biri də odur ki, səhnə əsəri bütün binanı əhatə edir. Daha dəqiq desək, tamaşaçılar aktyorların ardınca bir otaqdan digərinə keçməklə ayrı-ayrı hekayələrin şahidi olurlar.
Pyesin süjetinə görə, Praqa Universitetindən olan gənclər Nəsimi və Yan Qus yaradıcılığını araşdırırlar. Onlar hesab edirlər ki, Şərq və Qərb mədəniyyətinə aid olan bu iki dahi insan gələcək nəsillərə hansısa müraciət ünvanlayıblar. Pyesin əsasında da XV və XXI əsrləri birləşdirən bu müraciətin axtarışları dayanır.
Azərbaycan və rus dillərində təqdim edilən dördpərdəli tamaşada paytaxtın müxtəlif aparıcı teatrlarının aktyorları rol alıb.
Qərbdə və Şərqdə yaşayan iki dahi mütəfəkkir- Nəsimi ilə Yan Qusa həsr olunmuş səhnə əsəri maraqla qarşılanıb.
Xatırladaq ki, pyes rus dilində şeir formasında yazılıb, Azərbaycan və ingilis dillərinə tərcümə edilib.
Sonda tamaşanın yaradıcı heyəti ilə xatirə şəkli çəkdirən Leyla Əliyeva onlarla səmimi söhbət edib, premyeranın uğurlu keçməsi münasibətilə təbriklərini çatdırıb, kollektivin gələcək planları ilə maraqlanıb və onlara işlərində uğurlar arzulayıb.
Tamaşa üzərində iki ildir iş apardıqlarını söyləyən quruluşçu rejissor, Azərbaycanın Xalq artisti Vaqif Əsədov bildirib ki, bu ideya təsadüfdən ortalığa atılsa da sonradan ciddi işə çevrildi.
Sənətkar deyib ki, dahi mütəfəkkir və filosof Nəsimiyə həsr edilmiş festivalın təşkili təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. "Bu əsərdə, doğurdan da, Nəsimi ilə çex filosofu, mütəfəkkiri Yan Qusun talelərinin oxşarlığından və ideya, əqidə baxımından onların çox yaxın, doğma olduqlarından bəhs edilir. Sözsüz ki, bunu teatrlarda tamaşa kimi hazırlamağı da düşünürük. Əsərdəki hadisələr iki dövrdə baş verir - XV və XXI əsrlərdə. Biz burada ancaq XV əsrdə baş vermiş epizodlardan istifadə edirik", - deyə rejissor vurğulayıb.
İmmersiv tamaşanın ideyasının ona məxsus olduğunu bildirən Mərkəzin direktoru Anna İbrahimbəyova deyib: "Bizim Mərkəzə bu tamaşanı səhnələşdirmək təklif olundu. Amma Mərkəz teatr deyil, onun tamaşa üçün xüsusi səhnəsi yoxdur. Ona görə də düşündüm ki, bu pyesin səhnələşdirilməsi zamanı Mərkəzin bütün binasından istifadə edilə bilər. Mən bu ideyanı təklif etdim, həm rejissor, həm də müəllif tərəfindən bəyənildi. Tamaşanın təqdimatı təkcə bir günlə məhdudlaşmır, növbəti günlərdə də tamaşaçılar, festivalın qonaqları bu səhnə əsərini izləyə biləcəklər. İnanırıq ki, bu səhnə əsəri çox seviləcək. Belə bir ideya da yaranıb ki, Mərkəzdə axşam tamaşalarının səhnələşdirilməsi həyata keçirilsin.
Belə maraqlı tamaşanın Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təqdim edilməsini yüksək qiymətləndirən Leyla Bəyim deyib: "Maqsud İbrahimbəyov nəhəng dramaturq idi. Belə bir simvolik yerdə iki böyük mütəfəkkirə həsr olunan pyesin oynanılmasının enerjisi bir başqadır. Əsər üzərində işləyərkən öyrəndim ki, Nəsimi ilə Yan Qus oxşar taleli insanlardır. Onlar eyni ideyaların daşıyıcılarıdır. Bu dahilərin hətta ölümləri də eynilik təşkil edir. Bütün bunlar pyesdə dolğunluğu ilə əksini tapıb.
Qeyd edək ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 30-dək davam edəcək.