Müğənni Dilarə Kazımova mətbuata müsahibə verib.
Unikal.org milli.az-a istinadən həmin müsahibəni təqdim edir.
- Son zamanlar cəsarətli foto və açıqlamalarınızla gündəmdəsiniz. Bu cəsarətin arxasında nə yatır?
- Mən xarakter olaraq iddialı xanımam. 16 yaşımdan oxuyuram və hələ də buna davam edirəm. Heç dayanmaq fikrim də yoxdur.
- İxtisasca opera-vokal artistisiniz. Aktrisa kimi də özünüzü təcrübədən keçirmək istərdiniz?
- Əslində, aktrisalıq təcrübəm var. Sonuncu dəfə Cəfər Axundzadənin"Qış nağılı" filmində çəkilmişəm. Film dekabr ayında tamaşaçılara təqdim olunacaq.
- Miri Yusifin "Ad günü" klipindəki görüntüləriniz böyük-səs küyə səbəb olmuşdu. Dəvət kimdən gəlmişdi?
- Biz Miri Yusiflə çox yaxın dostuq. Miri Yusif dedi ki, klipdə elə bir səhnə var ki, onları ancaq sən oynaya bilərsən. Dostumun təklifini dəyərləndirib qəbul etdim. Çünki bu sənətdir.
- Sənət üçün hər şey edərsiniz?
- Mən öz hissiyatıma inanıram. Təklif gələndə hiss edirəm ki, bu, mənə yaxşılıq gətirəcək, yoxsa pislik.
- Sənət üçün nəyə getməzsiniz?
- Bunu hal-hazırda deyə bilməyəcəyəm. Bir söz var: "Heç vaxt, heç vaxt demə".
- Dostunuz varmı?
- Əlbəttə ki, var. Sənət aləmindən də bir çoxları ilə dostluq edirəm.
- "Eurovision" yarışmasının digər iştirakçıları ilə münasibətiniz yaxşıdır?
- Ən yaxın münasibətdə olduğum Eldar Qasımovdur. Mən Eldarla da elə həmin yarışma zamanı tanış olmuşam. İki dəfə "yox" cavabı alandan sonra 3-cü dəfə, nəhayət ki, məni yarışmaya qəbul etmişdilər.
- Gözəlliyinizi necə qoruyursunuz?
- Mən idmanla müntəzəm olaraq məşğul oluram. Ona görə də xarici görkəmimi utanmadan göstərirəm. Hətta o vaxt yarışmaya gedəndə mənə dedilər ki, niyə qapalı geyinmişdin? Vücudum gözəldir, niyə də onu göstərməyim?
- Amma insanlar qınayır...
- Bəziləri qınayır. Ya sevsinlər, ya da sevməsinlər. İnsanın xarakteri olmalıdır.
- Dilarə nəyi və ya kimi sevir?
- Hər şeyi sevirəm. Həyatımı, hər günümü çox sevirəm. Ümumiyyətlə, sevgi gözəl hissdir, mütləq sevmək lazımdır.
- Yerli müğənnilərdən kimləri dinləyirsiniz?
- Mən daha çox retro mahnıları sevirəm. Rəşid Behbudova, Şövkət Ələkbərova, Alim Qasımova qulaq asıram.
- İlk ailə həyatınız uğursuz alındı. İkinci dəfə ailə həyatı qurmaq istərdiniz?
- Xeyr, hələ ki, istəmirəm.
- Özünüzdən böyük hansı müğənni ilə məsləhətləşirsiniz?
- Faiq Ağayevlə, Tünzalə Ağayeva ilə görüşəndə onlarla məsləhətləşirəm.