Manatın ucuzlaşması fonunda ölkədə sahibkarlıq mühitinin inkişafı istiqamətində mühüm işlər görülür və sahibkarlara dəstək göstərilir. Bir çox şirkətlər tərəfindən yaranmış vəziyyətdən sui istifadə hallarının mövcudluğu istehlakçı hüquqlarının pozulmasına səbəb olur. Müxtəlif  şirnikləşdirici reklam sms-ləri vasitəsi ilə müştərilərin satış mərkəzlərinə cəlb olunması və aldadılması halları barədə son günlər mətbuat səhifələrində geniş şikayət məktublarına rast gəlirik. 
 
"Sabina Perfumery & Cosmetics" mağazalar şəbəkəsi tərəfindən istehlakçı hüquqları pozulan vətəndaşlar Unikal.org-a bildiriblər ki, şirkət endirim kampaniyaları adı ilə müştəriləri aldadır. Belə ki, mobil nömrələrə göndərilən reklam sms-lərində  endirim kampaniyasının keçirildiyi və qeyd olunan tarixlərdə məhsul alan müştəriyə 50 faiz endirim olunacağı  bildirilsə də müştərilər mağazadan alış-veriş edərkən belə bir endirimin olmadığının şahidi olurlar. Vətəndaş məhsulu seçib kassaya yaxınlaşan zaman ona deyilir ki, "sizin seçdiyiniz məhsul endirimdə deyil".  Ancaq telefonlara sms vasitəsi ilə göndərilən reklam mətnlərində bütün məhsullara endirim olunacağı qeyd olunur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Unikal.org-a açıqlamasında bildirib ki, bir çox mağazalarda belə hallar mövcuddur və istehlakçıların hüquqları kobud surətdə pozulur:
 
 
 
"Hər gün belə hallarla bağlı bizim təşkilata müraciətlər daxil olur. Ölkəmizdə belə problemin yaşanmasına təəssüflənirik. Bunun da ciddi səbəblərindən biri ölkədə istehlakçı hüquqlarının qorunması ilə bağlı olan qanunlara müvafiq dövlət qurumlarının effektsiz münasibətindən irəli gəlir. Hökumətin sahibkarlığın inkişafı ilə bağlı apardığı siyasəti müsbət qiymətləndiririk. Ancaq bu sahibkarlar vəziyyətdən istifadə edərək istehlakçıların ciblərinə girirlər. Misalçün reklamlarda yazırlar ki, qırışlar üçün dərmanın qiyməti 39 manat 99 qəpikdir. 39 manat 99 qəpiyə qədər istehlakçını aldatmaq üçün qanunvercilikdə şərait yaradılıb. 40 manatdan sonra cinayət tərkibi var. Elə bir vəziyyət yaranıb ki, 10 milyon Azərbaycan əhalisini 40 manata qədər aldatmaq olar. İtehlakçıların aldadılmasının qanunvericilik səviyyəsində həddini qoyublar. Vətəndaş endirim kompaniyasına aldanıb mağazaya yaxınlaşır, məhsul alır, kassada deyirlər ki, sizin aldığınız məhsul endirimə düşməyib. Bundan başqa istehlakçı məhsulu alır, bir neçə gün sonra tələbatını ödəmədiyi üçün geri qaytarmağa məcbur olduqda mağaza bunu icra etmir, əsas gətirir ki, onun aldığı məshul endirimdə olduğu üçün geri qaytarılmır. Başqa bir məsələ ondan ibarətdir ki, məhsulun üzərində qiymətin üstündən xətt çəkib endirim qiyməti yazırlar. Qeyd etdiyim fatklar mövcuddur və tamamilə qanunsuzdur".
 
 
 
Bu ilin aprel ayında Milli Məclisdə yen Reklam Haqqında Qanun qəbul olunsa da təəssüflər olsun ki, reklam bazarının monitorinqinin aparılması və qanunu pozanların cəzalandırlması istiqamətində işlərin aparılmadığnın şahidi olmuruq. Yeni qanuna görə  şəxsin rəsmi icazəsi olmadan ona reklam məzmunlu sms-lərin göndərilməsi qadağandır.Bu günə qədər əksər şirkətlər, o cümlədən mobil operatorlar dövlətin qanununu pozmaqla məşğuldurlar. 

Həsən Babayev