Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova qarşı qaldırılan ittihamın detalları məlum olub.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.
O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.
Ona qarşı və dostu K.İsayevə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.
Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.