Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan, xüsusən soyğunçuluq cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, Quba rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, icarə əsasında işlətdiyi dərzi sexindən pul oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar rayon polis şöbəsində yaradılan əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirib. Araşdırmalarla adı çəkilən ünvana pəncərədən qanunsuz daxil olunaraq oradan 200 manat pul oğurlanması müəyyən edilib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 18 yaşlı şəhər sakini saxlanılıb. Araşdırmalarla onun Qalib Əlibəyov olduğu müəyyən edilib.
Q.Əlibəyovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, adı çəkilən şəxs cari ilin avqust-oktyabr ayları ərzində rayon ərazisində yerləşən 5 müxtəlif mağazalardan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı Q.Əlibəyov törətdiyi cinayətləri etiraf edərək, mağazalara və evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşayaları oğurladığını bildirib.
Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.