Ermənistanı zibillərdən kim təmizləyəcək?
12:55 11-09-2012
İQTİSADİYYAT
Ermənistanı zibillərdən kim təmizləyəcək?
Belə davam etsə, işğalçı ölkədəki quldur oliqopoliya uzunömürlü olacaq
Belçikadakı erməni tələbələrin "Hayas" təşkilatı Ermənistandakı vəziyyətlə bağlı bəyanat qəbul edib. Həmvətənlərinə ünvanladıqları bəyanatda erməni tələbələr deyirlər ki, Yerevandakı restoranda vəhşicəsinə döyülmüş hərbi həkim Vege Avetyanın qatillərinin layiq olduqları cəzanı alacaqlarına inanmırlar.
Tələbələrin bəyanatında daha sonra deyilir: "Biz, erməni gənclərinin nümayəndələri, Ermənistandakı qanunsuzluq, rüşvətxorluq və korrupsiya hallarından, ölkə vətəndaşının müdafiəsiz qalmasına səbəb olmuş başıpozuqluqdan çox narahatıq.
Vage Avetyanın başına gətirilmiş faciə bunu bir daha təsdiqləyir. Cəmi 32 yaşı olan hərbi həkim döyüş meydanında həlak olmayıb, avtomobil qəzasının da qurbanı olmayıb. Yox, onu insan öldürməyi eynən oğurlamaq və ya aldatmaq qədər asan sayan alçaqlar öldürüblər. Bu insident ölkədə qanunun aliliyi və ədalət uğrunda mübarizə aparan bütün sağlam qüvvələrə meydan oxumaqdır.
Taleyin hökmü ilə qürbətə düşmüş biz erməni gəncləri vətənimizdəki qeyri-sağlam hadisələrə laqeyd qala bilmərik. Vəziyyət çox təhlükəlidir. Fəlakət miqyasına çatmış mühacirət, sosial ədalətsizlik, işsizlik, ölkənin təbii sərvətlərinin vəhşicəsinə istismarı, rüşvətxorluq və başqa, xeyli sayda olan çox neqativ reallıqlar dövlətçiliyimizin perspektivlərini təhlükə altına alır. Susmayacağıq, çünki susmaq intihara bərabərdir. Ölkəni zibillərdən təmizləmək vaxtı çatıb".
Erməni gənclərinin çoxu apatik olsa da, siyasi süstlük və vətəndaş laqeydliyi nümayiş etdirsə də, onların bir qismi fəaldır. Bu qisim kölə kimi yaşamaq, prezident Serj Sarkisyanın istibdadına bundan sonra da qul kimi boyun əymək niyyətində deyil.
Belçikada təhsil alan erməni tələbələrin bəyanatı hadisələrin konstatasiyası da sayıla bilərdi: indiyədək çox belə açıqlamalar olub, ölkənin üzləşdiyi problemlər sadalanıb, onlardan qısa və ya geniş şəkildə bəhs olunub, günahkarlar göstərilib, vətəndaşlar etiraz aksiyalarına çağırılıblar. Belə bəyanatların hamısı istək, çağırış, şüarlarla bitib, sonda mütləq şəkildə nida işarəsi qoyulub.
Amma xalqına qan udduran hakimiyyət nidalarla devrilsəydi, vətəndaşlarını qul sayan iqtidarlar dəyişsəydi, xəttatlar dövranların ən böyük inqilabçıları olardılar. Fəqət durğu işarələri hakimiyyətləri dəyişmək üçün yaramır və tam tərsinə, inqilabçıların əksəriyyətinin xəttatlıq, hüsnxət, qrammatika və leksika ilə əlaqələri çox zəif olur. Öz övladlarını yeyən inqilabların doğurduğu liderlərin tam əksəriyyəti orta savad sahibi olsa da, onlar savadlı insanların hesabına məqsədlərinə çatırlar.
Ötən əsrin əvvəllərinədək belə deyildi: Babilistandakı qiyam və üsyanlardan tutmuş, Çar Rusiyasındakı Oktyabr inqilabına qədər bütün devrilmələr, çevriliş və inqilabların başında orta savadlı, ya da yarısavadlı insanlar durmuşdular. Onların liderləri savadlı adamlardı. Haron, Məzdək, Babək, Tao Sen, Murat, Robespyer, Hans Finland, Vladimir Ulyanov - bu savadlı insanlar bilikləri yetərli səviyyədə olmayan insanlardan özlərinə çevrə formalaşdırmış, sonra isə savadsız kütləni arxalarınca aparmışdılar.
Ermənistanda da vəziyyət zahirən belə olub. Ölkə dövlət müstəqilliyi qazanan ilk gündən bəri başda duran savadlılar Ermənistandakı vəziyyətə bütün dərinliyi ilə bələd olmayan ermənilərə yol göstərməyə çalışıblar, onları irəli aparmağa səy göstəriblər. Fəqət, bu irəliləyiş bütün hallarda yuxarıya istiqamətlənmiş pilləkənlə üzüaşağı hərəkət olub və ermənilərin liderləri insanlara məşəqqət, əzab, yanlış yol, əzablar və məhrumiyyətlərdən savayı, heç nə verməyiblər.
İndi müşahidə olunan siyasi apatiya və vətəndaş süstlüyünün də əsas səbəbi ermənilərin inamsızlığıdır. Onlar siyasətçilərə inanmırlar.
Vətəndaş məmurlara nifrət, siyasətçilərə də inamsızlıq bəsləyəndə bu iki hiss əksər hallarda identikləşir və insan o hisslərin obyektlərini ayırmağa ərinərək "Cəhənnəm olsun hamısı!" deyir. Məmurlara nifrət edən və prezident Serj Sarkisyanın iqtidarının mümkün qədər tez devrilməsini istəyən orta statistik erməni indiki hakimiyyətin yerinə gələcək potensial qüvvəni də təhlil edərkən ümidsizliyə qapılır. Səbəb müxalifət liderlərinin çoxunun sabiqlər, vaxtilə iqtidarda yer almış adamlar olmasıdır və bu adamların iqtidarda olduqları zaman fəaliyyətlərini xatırlayan vətəndaşlar çox pisin sadəcə pislə əvəzlənməsinin optimal çıxış yolu olmadığını dərk edirlər.
Ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın iqtidarını ermənilər kütləvi aclıq, işıqsızlıq, yoxsulluq, məhrumiyyətlər, məğlubiyyətlər və bəlalar dövrü kimi xatırlayırlar. Ondan sonrakı prezident Robert Köçəryan insanlara verdiyi vədlərin əksəriyyətini kürsüyə oturan kimi unutdu, əvəzində varlanmaq, harınlamaq və mümkün qədər çox pul yığmaq gərəkdiyini tez xatırladı.
Ter-Petrosyanın daxili siyasəti səbatsız, xarici siyasəti isə absurd idisə, Köçəryanda hər şey daha da pisləşdi: "Böyük Ermənistan" idefiksi milli ideyaya çevrildi, mağara millətçiliyi və zooloji şovinizm iqtidarın kursu oldu, mühacirət dözülməkdən də aşırı həddə çatdı, iqtisadiyyatın bir hissəsi yerli oliqarxların, yerdə qalanı da Rusiya şirkətlərinin ixtiyarına verildi.
Ermənistanın Müdafiə Nazirliyi faktiki olaraq Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının təminat idarəsinə döndü, sərhədlər rusiyalı sərhədçilərin ixtiyarına verildi, iqtisadiyyatdakı problemlər çözülmədiyi üçün daha da ağırlaşdı, işsizlik sürətlə artdı, mühacirət dalğası isə böyüdü. 2008-ci ilin martında Serj Sarkisyan total saxtakarlıqlar, qanun pozuntuları, seçicilərin aldadılması və inzibati resursları hesabına hakimiyyətə gətirildi. O, ilk dövrlərdə sələfi Köçəryanın siyasətini bütünlüklə davam etdirsə də, sonradan daha da ağzınlaşdı, dövləti çapıb-talamağa başladı və o talan indi də davam edir.
Sarkisyan iqtidarı seçicilərdən çəkinmir, qanunları adi kağız sayır və bütünlüklə Rusiyaya güvənir, İranla "məcburi" sıx münasibətlər vasitəsilə Qərbi şantaj edir, eyni zamanda Ermənistanın Avropa Birliyinə inteqrasiyaya yönəlmiş siyasət yürütdüyünü də sürəkli bəyan etməklə maskalarının sayını artırır. Rusiyanı Qərb, Qərbi Rusiya, Rusiya və Qərbi İranla münasibətlər vasitəsilə çəkindirərək hər tərəfdən bir qədər preferensiya, güzəşt və imtiyazlar qoparmağa çalışan Sarkisyan iqtidarı Ermənistandakı insanların səssizliyinə alışıb.
Belə quldur oliqopoliyanı nida işarəli bəyanatlar, çağırışlar və açıqlamalar vasitəsilə çəkindirmək mümkün deyil. Söz işlə əvəzlənməlidir.
Əks təqdirdə bu bədbəxt ölkəni zibillərdən təmizləmək mümkün olmayacaq.
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40