Rusiyada həyat yoldaşı tərəfindən qətlə yetirilən 23 yaşlı azərbaycanlı qadın Gülnar Həbibovanın fotoları üzə çıxıb.
Aprelin 15-də ailə həyatı quran gənc qız toyundan bir həftə sonra Sankt-Peterburqda əri Samir Həbibov tərəfindən öldürülüb. Cinayəti ört-basdır etmək istəyən Samir isə Gülnarın cansız bədənini meşəyə aparıb və orada basdırıb.
Qeyd edək ki, Samir və Gülnar 15 aprel tarixində ailə həyatı qurub. Onlar evləndikdən sonra Marşal Jukov prospektindəki mənzildə yaşamağa başlayıb. Səhər saatlarında Gülnar Tibb İnstitutuna getməli idi. Amma qız yoxa çıxıb və onun telefonu söndürülüb. Samirin sözlərinə görə, o evdən səhər saatlarında çıxıb.
O vaxtdan Həbibovadan heç bir xəbər çıxmayıb. Valideynləri, dostları, könüllülər və polis bir aydan çoxdur ki, Gülnarı axtarırdı. Polis araşdırmasından məlum olub ki, əslində Gülnar itkin düşməyib. Onu həyat yoldaşı Samir qətlə yetirib.
Gənc cütün yaxınları bildirib ki, Samir çox qısqanc biri olub. O, həyat yoldaşını anasından başqa heç kimlə ünsiyyət qurmağa qoymurdu. Samir Gülnarın sosial şəbəkələrdəki hesablarını da bağlatdırıb. Maraqlısı ondadır ki, Gülnarın itkin düşməsi barədə Samir məhz özü polisə müraciət edib. O, hətta bir neçə gün axtarışlarda da iştirak edib, amma daha sonra yoxa çıxıb.(BAKU.WS)