Azərbaycan Təhsil Nazirliyi dərslərin iyunun 14-də bitməsinə etiraz olaraq, sosial şəbəkədə "Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" adı altında petisiyanın keçirilməsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.
Nazirlikdən bildirilib ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır.
Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması olub. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi.