Günümüzün ən qorxulu kabusu
12:05 12-09-2012
İQTİSADİYYAT
Günümüzün ən qorxulu kabusu
Son səkkiz ayda ölkədə baş vermiş yol qəzalarında 1000-dən çox insan ölüb
"Bir jurnalist kimi hər gün İnternet saytlarını açanda gözümüzə ilkin dəyən xəbərlər ölkəd baş verən yol qəzaları barədə olur" desəm, zənnimcə mübaisəyə yol vermərəm. Elə iki gün öncə Hacıqabul rayonunda dəhşətli yol qəzası baş verib. Yol Polisinin məlumatına görə, Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində Mehrəli Baxşəli oğlu Zülfüqarov idarə etdiyi "VAZ -2106" markalı maşınla hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın qoruyucu bəndi aşaraq su kanalına yuvarlanıb. Hadisə zamanı sürücü və avtomobildəki sərnişinlər, Qəzli kəndinin sakinləri - 1962-ci il təvəllüdlü Ələsgər Məhəmməd oğlu Nuriyev və onun oğlu 2007-ci il təvəllüdlü İzzət Nuriyev hadisə yerində ölüblər. Ələsgər Nuriyevin həyat yoldaşı, 1970-ci il təvəllüdlü Gülnar Abbasəli qızı Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Və yaxud başqa bir fakt: bu ilin avqust ayının 31-də Bakıda dəhşətli yol qəzası baş verdi. "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 ¹-li sərnişin avtobusu ilə qatar toqquşdu. Rəsmi məlumatlara görə, qəza nəticəsində 6 nəfər öldü, 54 nəfər yaralandı. Araşdırmalar zamanı məlum oldu ki, qəzanın baş verməsinə səbəb 124 saylı avtobusun sürücüsü yol hərəkətini düzgün qiymətləndirmədiyini və ehtiyatsız davrandığına görə avtobus qatar relsinə ilişib və nəticədə bədbəxt hadisə baş verib.
Fakta görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 262.3-cü (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma) və 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verməsində isə 2 nəfər, sürücü və dəmir yolunun keçidində işləyən şəxs günahkar bilinərək saxlanıldılar.
Əslində bu faktlar ölkə yollarında baş verən yüzlərlə hadisələrdən ikisidir. Əgər diqqət yetirsək görərik ki, yol qəzalarının qurbanları cəbhə xəttində ölənlərdən dəfələrlə çoxdur. Belə ki, bu il Azərbaycanda baş verən 1863 yol-nəqliyyat hadisəsinin 674-ü Bakının payına düşür. Həmin yol qəzalarında ümumilikdə 705 nəfər ölüb, 2028 nəfər yaralanıb. Yol qəzaları içərisində 77 hadisə avtobusların törətdiyi qəzalardır.
Qeyri-peşəkar sürücülər
Son vaxtlar yol nəqliyyat hadisələrindən daha çox sərnişin avtobuslarının törətdikləri qəzalar üstünlük təşkil edir. Ekspertlər bunun səbəbinin müxtəlif amillərlə izah edirlər. "Nəqliyyatçılar" İctimai Birliyinin sədri Natiq Ələkbərov bildirdi ki, ictimai nəqliyyatda qəzaların artmasının əsas səbəbi avtobusda işləyən sürücülərin qeyri-peşəkar olmasıdır. "Əvvəllər avtobuslarda əksəriyyəti nisbətən yaşlı və təcrübəli sürücülər işləyirdi. Lakin indi avtobus sürücülərinin çoxu cavan və təcrübəsiz sürücülərdir. Onlar da tıxacların hökm sürdüyü bir dövrdə qəzalara səbəb olurlar. Bəzən sürücülər yol hərəkət qaydalarını ümumiyyətlə bilmirlər. Sürücülər yol zolağında sürət həddinə uyğun olmayaraq hərəkət edirlər".
Əsas günahkar:
Nəqliyyat Nazirliyi
Sürücülər isə yol qəzalarında bütün günahın onlarda olması fikirləri ilə razılaşmırlar. 50 ilə yaxın sürücülük təcrübəsi olan avtobus sürücüsü Fəxrəddin Şıxıyev bildirdi ki, ictimai nəqliyyatdakı problemlərin əsas səbəbkarı elə Nəqliyyat Nazirliyinin özüdür: "Əvvəllər sürücülərə şərait yaradılırdı. Nəqliyyat Nazirliyi sürücülərin bütün problemlərini həll edirdi. Lakin indiki dövrdə avtobus xətlərini sahibkarlar işlədirlər. Nəqliyyat Departamentinin işi ancaq pul yığmaqdır. Bakının yolları çox vaxt tıxac olur və avtobus sürücüsü məcbur olub yolunu dəyişir. Bu zaman Nəqliyyat Departamenti başlayır ki, sən avtobus xəttindən çıxmısan və 50 manat cərimələnməlisən. Öz yolunla gedirsən, qrafikdən çıxırsan. Avtobusu sürətlə sürürsən yol qəzası baş verir. Sürücü bu zaman nə etməlidir? Hamı problemi sürücüdə axtarır, lakin əlacı deyən yoxdur".
Fəxrəddin Şıxıyevin sözlərinə görə, problemlərdən biri də yolların kənarında, avtobus dayanacaqlarında taksilər dayanması və sərnişinlərin maşına minib-düşməsinə mane olmasıdır. Sürücü deyir ki, problemin əsas səbəblərindən biri də, sürücülük vəsiqələrinin rüşvətlə verilməsidir. "Bir də görürsən ki, dünənin uşağı "D" kateqoriyalı sürücülük vəsiqəsi alıb. Halbuki bunun üçün sürücünün ən azı 3 il təcrübəsi olmalıdır. Sürücülərin çoxu yol qaydalarını bilmirlər. Mən Sovet dövründə də avtobusda sürücü işləmişəm. Bir ay işləmirdimsə, yenidən avtobusa qayıdanda 10 gün təcrübə keçməliydim. Lakin indi 800-1000 manata sürücülük vəsiqəsi alırlar və birbaşa gəlib avtobus sürürlər", - deyə F.Şıxıyev bildirdi.
Onun sözlərin görə, hazırda paytaxtda elə avtobuslar var ki, orada işləyən sürücülərin çoxunun sürücülük vəsiqəsi yoxdur. Sürücü deyir ki, yol polisləri də, Nəqliyyat Nazirliyinin əməkdaşları da bunu yaxşı bilirlər. "Bu dəqiqə Sabunçu istiqamətindən "20 yanvar" istiqamətində işləyən 93 saylı avtobusda, Biləcəri-"28 may" metrosu yaxınlığına işləyən 202 saylı avtobus sürücülərinin çoxu maşını sürücülük vəsiqəsi olmadan sürür. Bunu Nəqliyyat Nazirliyi, Nəqliyyat Departamenti də yaxşı bilir. Sadəcə, aldıqları plana görə bütün qanunsuzluqlara göz yumurlar".
Sürücü mədəniyyəti
Azərbaycan Dövlət Texniki Universitetinin "Avtomobil nəqliyyatları vasitələri" kafedrasının müdiri Sürəddin Gözəlov problemin digər səbəblərindən birinin sürücülərin sürücülük mədəniyyətinin lazımi səviyyədə olmaması ilə izah edir. "Sürücülər çoxlu kobud səhf edirlər. Qarşıdakı avtomobillə aradakı məsafə az olduğu halda mənasız risk edərək ötmə əməliyyatı həyata keçirirlər. Bu zaman ya qarşıdan gələn maşınla toqquşur, ya da ötmək istədiyi avtomobilin altına girirlər. Bir-birilərinə yol vermirlər".
Sürəddin Gözəlov deyir ki, başqa bir faktor Sovet avtomobilinə öyrəşən sürücülərin müasir avtomobillərə alışmamasıdır. Yəni sürücü "VAZ-2107" markalı maşına öyrəşirsə, sonradan yüksək sürətli CİP-lə gedərkən sürəti hiss etmir. Digər problem isə sürücülərin sərxoş halda sükan arxasında oturmalarıdır.
Ekspert məsələdən çıxış yolunu nəqliyyat infrastrukturunda müəyyən dəyişikliklərin aparılmasında görür. Sürəddin Gözəlov nəqliyyatın hərəkətinin təşkililə bağlı müəyyən dəyişikliklər aparılmalı olduğunu hesab edir. O, nəqliyyat sektorunun ən bəlalı məsələlərdən birinin maşınların saxlanılması üçün parklanma yerlərinin düzgün seçilməməsini hesab edir. Ekspert qəzaların sayını azaltmaq üçün avtomobil, magistral yolların genişləndirilməsini təklif edir.
İnadkar rəsmilər
Rəsmilər isə deyilən ittihamlarla razılaşmırlar. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov Nəqliyyat Nazirliyi nəqliyyatın işinə ümumi nəzarət etdiyini iddia edir. Namiq Həsənov bəzi avtobus sürücülərinin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi məsələsinə aydınlıq gətirib. NN rəsmisi avtobus sürücülərinə qarşı mütəmadi reydlər keçirildiyini bildirdi: "Düzdür bəzən avtobusu sürücünün başqa şəxsə etibar etməsi kimi faktlara rast gəlmişik. Belə faktlarla bağlı Nəqliyyat Nazirliyi ciddi araşdırmalar aparır və aşkarladığımız bütün qüsurlarla bağlı sürücülər cəzalandırılır. Bu istiqamətdə onlarla sürücü işdən kənarlaşdırılıb və cəzalandırılıb". Namiq Həsənov bundan başqa həm 93, həm də 202 saylı avtobuslarda da ciddi yoxlamalar aparılacağına söz verdi: "Mütləq həmin avtobus xətlərində reydlər keçiriləcək. Söz verirəm ki, həmin reydlərdə iştirak etmək üçün sizi də dəvət edəcəyik", - deyə N.Həsənov bildirdi.
Nəqliyyat Nazirliyinin rəsmisi ölkədə dolaşan bəzi fikirlərə də münasibət bildirdi. "Bəzən sürücülər boş-boş danışırlar ki, onların sahibkarları hansısa vəzifəli insandır. Mən belə sürücülərə deyərdim ki, onlar sükanlarında möhkəm yapışsınlar və heç kimin adından danışmasınlar. Yüksək rütbəli adam heç vaxt sürücüyə demir ki, avtobusu istədiyi kimi idarə etsin və insanların ölümünə səbəb olsun".
N.Həsənov qəzaların qarşısının alınması üçün çıxış yolunu qanunlara əməl olunmasında görür. "Çıxış yolu kimi hər kəs öz üzərinə düşən vəzifəni düzgün yerinə yetirməlidir. Mən müraciət edirəm sahibkarlara ki, sahibkarlar sürücüləri işə götürəndə onların bütün xarakteristikalarını, iş təcrübələrini nəzərə alsınlar. Sürücülər yalnız nəqliyyat vasitəsini dayanacaqlarda saxlasınlar. İşıqforun göstərişlərinə, yol nişanlarına əməl etsinlər. Sürət həddini aşmasınlar. Avtobus sürərkən yüksək tonlu musiqilər dinləməsinlər, telefonla danışmasınlar, sərnişinlərlə konfliktə girməsinlər. Vətəndaşlar da sürücülərin fikrini yayındırmasınlar. Əgər bunlara əməl olunsa qəzaların qarşısı kifayət qədər alınar", - deyə NN rəsmisi bildirdi.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də son zamanlar ölkənin yollarında qəzaların sayının artmasına münasibət bildirib. BDYPİ rəsmisi sürücülük vəsiqəsi alınarkən rüşvət vermə faktlarının mövcud olmadığını bildirdi.
K.Əliyevin sözlərinə görə, yol qəzaları ancaq sürücülərin ehtiyatsızlığı və laqeydliyi üzündən baş verir. Statistikanı misal gətirən BDYPİ rəsmisi bildirdi ki, qəzalardan 26 faizi sürət həddinin aşması, 26,2 faizi ötmə əməliyyatının düzgün aparılmaması, 8,9 faizi yol ayırıcının keçilməsi qaydalarının pozulması, 2,9 faizi nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsinə görə baş verir.
K.Əliyev baş verəcək qəzaların qarşısını almaq üçün çıxış yolunu maarifləndirmə işlərinin düzgün aparılmasında görür. "Qəzanın baş verməməsi üçün birincü növbədə sürücü məsuliyyətini dərk etməlidir. Qanunvericilikdə də müəyyən dəyişikliklər olur. Burada KİV vasitələrində aparılan təbliğat və maarifləndirmə işləri də mühüm rol oynayır. Qəza xəbəri verilərkən hadisənin baş vermə səbəbləri də göstərilməlidir ki, oxuyan zaman insan həmin pozuntunu təkrarlamasın. Yol polisi də bu istiqamətdə əlindən gələni edir. Ötən il 900 mindən çox sürücü məsuliyyətə cəlb olunub. Biz daim sürücü məsuliyyətsizliyi ilə mübarizə aparırıq".
Ziya
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00