Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil müəssisəsi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi (DTA) təmsilçilərinin görüşü təşkil olunub. ATMU-nun rektoru İlham Mədətov görüş iştirakçılarının diqqətinə çatdırıb ki, yaxşı ali məktəb fəaliyyət sferasında təkcə keyfiyyətli təhsil imkanı, güclü maddi-texniki bazası və kadr potensialının formalaşması ilə deyil, eyni zamanda müvafiq istiqamətli elmi tədqiqatlara meydan açması sayəsində tanınır.

Unikal.org xəbər verir ki, o qeyd edib ki, yaşadığımız dünyada ali məktəb müasir, modern olmalıdır. Təkcə inkişaf meyllərini nəzərə almaqla kifayətlənməməli, həm də inkişafa təkan verməlidir. Ali təhsil məktəbindən verilən məlumatda daha sonra bildirilir ki, ATMU və DTA təmsilçilərinin görüşündə qərara alınıb ki, yeni əməkdaşlıq çərçivəsində müştərək tədqiqatların icrasına başlanılsın.

DTA-nın turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov görüş iştirakçılarına mümkün əməkdaşlığın istiqamətləri və formatı barəsində məlumat verib. O, bildirib ki, ATMU-nun tədqiqatçıları Azərbaycanın regionlarının turizm potensialı və inkişaf istiqamətləri ilə bağlı, habelə beynəlxalq təcrübəni araşdıran siyasət sənədlərinin ("policy papers) və sahəvi qiymətləndirmə hesabatlarının ("field assessment reports) yazılmasında iştirak edə bilərlər. DTA-nın ATMU-nun elmi-tədqiqat potensialının inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edən Məhəmməd Muradov, universitetin tədqiqat standartlarının yüksəldilməsi və tədqiqatçıların bilik və bacarıqlarının artırılması üçün onların bazar əsaslı tədqiqat sifarişlərinin həyata keçirilməsinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

ATMU-nun elmi tədqiqatçıları DTA nümayəndələrinə öz tədqiqatları barəsində məlumat vermiş, keyfiyyətli tədqiqatların aparılması ilə bağlı ehtiyaclarını qeyd etmişlər. Bildirilmişdir ki, ATMU-nun elmi kadrları, müəllim-tələbə heyəti məlumatların toplanması və təhlili, tədqiqatların hazırlanması, onların xarici dillərə tərcümə edilməsi və bir sıra digər sahələrdə DTA-nin fəaliyyətinə töhfə verə bilər.
Görüşün nəticəsi olaraq qərara alınıb ki, ATMU-nun elmi tədqiqatçılarının ixtisaslaşdıqları tədqiqat sahələri üzrə məlumat bazası yaradılsın və gələcəkdə DTA tərəfindən elan ediləcək tədqiqat sifarişlərinə müraciət mexanizmləri hazırlansın. Bundan başqa, universitetdə elmi müzakirə mühitinin dəstəklənməsi məqsədilə DTA tərəfindən həyata keçirilmiş tədqiqatların ATMU-da müzakirələrinin təşkil edilməsi qərarı verilib.