Bu gün "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən imzalanma mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Komitə sədrinin müavinləri, AMEA Rəyasət Heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
İmzalanma mərasimindən öncə çıxış edən akademik Akif Əlizadə iki qurum arasındakı əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsi işində yeni mərhələyə qədəm qoyulduğunu və imzalanacaq memorandumun Azərbaycanda elmin, gömrük işinin, fiskal siyasətin, ümumilikdə milli iqtisadiyatın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Bildirilib ki, əməkdaşlıq əlaqələrinin gücləndirilməsi elmin müxtəlif sahələrində yeni tədqiqat işlərinin aparılmasına, AMEA əməkdaşlarının Komitənin məlumat bazasından istifadə edərək yeni araşdırmalar və tətbiqlər ortaya qoymasına, eyni zamanda, gömrük orqanlarında elmi nailiyyətlərin daha geniş tətbiqinə, gömrükçülərin və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrinin bilik və bacarıqlarının artırılmasına münbit şərait yaradacaq.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev memorandumun iki qurum arasındakı əlaqələrin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını, AMEA-nın apardığı araşdırmaların, əldə etdiyi elmi nailiyyətlərin müxtəlif elm sahələrini özündə birləşdirən gömrük işinin effektivliyinin artırılmasına, gömrük əməkdaşlarının potensialının gücləndirilməsinə təkan verəcəyini bildirib.
Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində formalaşaraq mühüm dövlər təsisatlarından birinə çevrilən gömrük orqanları daim elmi nailiyyətlərin tətbiqinə geniş yer verir. Bunun nəticəsidir ki, Ümumdünya Gömrük Təşkilatının üç müxtəlif istiqaməti əhatə edən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Tədris Mərkəzi və Regional Kinoloji Mərkəzi Azərbaycanda yerləşir.
Səfər Mehdiyev ölkəmizdə və xaricdə fəaliyyət göstərən elm ocaqları ilə hər zaman səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırıb və AMEA ilə DGK arasında imzalanacaq memorandumdan sonra informasiya texnologiyaları, iqtisadiyyat və digər elm sahələrində, gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd edilən və gömrük orqanları tərəfindən saxlanılan tarixi və mədəni əşyaların tədqiq olunması, hər iki qurumun əməkdaşlarının elmi və təcrübi biliklərinin artırılması istiqamətində səmərəli fəaliyyətin təşkil ediləcəyinə əmin olduğunu bildirib.
Mərasimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov "Gömrük xidməti: ictimai şəffaflıq, açıq tədqiqat resursları adlı təqdimatla çıxış edib.
Daha sonra AMEA Rəyasət Heyətinin üzvləri İsa Həbibbəyli, Əhliman Əmiraslanov, Rasim Əliquliyev və İradə Hüseynova çıxış edərək qarşılıqlı əməkdaşlığın istiqamətləri və faydaları barədə rəy və təkliflərini bildiriblər. Çıxışlarda Dövlət Gömrük Komitəsinin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərdən məmnunluqla bəhs olunub.
Sonda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və AMEA-nın prezidenti, akademik Akif Əlizadə imzalayıblar.