Azərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla "Bellingcat saytı (https://www.bellingcat.com/news/rest-of-world/2018/11/08/azerbaijan-pushes-nakhichevan-borderlands/) yayıb.

Azərbaycan ordusunun necə irəlilədiyi və Ermənistan ordusunun cəbhənin bu istiqamətində tamamilə əlverişsiz mövqelərdə qaldığı barədə məqalənin müəllifi isə Avstraliyadakı "Holokost və Soyqırım Araşdırmaları İnstitutunun analitiki Masis İngilisyandır.

Müəllif "Planet Labs tərəfindən çəkilmiş yeni həvəskar peyk fotolarına istinadən göstərir ki, Azərbaycan ordusunun mühəndis-istehkam işlərini davam etdirməsi nəticəsində Naxçıvan istiqamətində daha bir strateji post Azərbaycanın nəzarətinə keçib. Peyk fotolarında Azərbaycan silahlı qüvvələrinin Naxçıvan istiqamətində bir vaxtlar neytral ərazi hesab edilən ərazilərdə apardığı hazırkı mühəndis işləri əks olunur.

Qeyd olunur ki, Azərbaycan ordusunun təmas xəttində neytral ərazilər boyu irəliləməsi 1994-cü ildə atəşkəsin əldə olunmasından bəri əsasən Dağlıq Qarabağda davam edirdi. Nəticədə bir çox rayonlarda tərəflərin mövqeləri arasında məsafə bir neçə yüz metrə qədər azalıb.

Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb. Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib. Lakin "Planet Labs tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.

Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər. Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.

Sayt xatırladır ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyərək böyük əraziləri nəzarətinə götürməsi ilk dəfə bu ilin yazında "Razm.info saytının analitiki Ayk Xaçikyanın "Naxçıvanda nə baş verir? məqaləsindən sonra ictimailəşib. Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 90-cı illərin əvvəllərində tərk edilmiş və Ermənistan ordusunun atəşi altında olan Günnüt kəndi (Şərur rayonu) də daxil olmaqla 11 min hektardan çox ərazini nəzarətinə götürüb. Qızılqaya yüksəkliyini tutub və nəticədə Ermənistan ərazisindən Qarabağa gələn strateji əhəmiyyətli Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı qazanıb.

Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.

Belə ki, peyk fotlolarına əsasən Azərbaycan silahlı qüvvələri bu ilin may ayında çəkilən yeni yollarla irəliləyərək təmas xəttinə mövqelərini daha da yaxınlaşdırıb. Arpa çayından şimal-qərbdə yerləşən yüksəklik və dağ massivi bu ilin may ayında Azərbaycan qoşunları tərəfindən hələ tam tutulmamışdı. Amma yeni peyk fotolarına əsasən həmin dağ massivi tamamilə Azərbaycanın nəzarəti altındadır və ora yeni yollar çəkilib.

Yayda və payızın əvvəllərində Azərbaycan həmin dağ massivi boyu yeni mövqelərdə öz qoşunlarını yerləşdirib. Beləliklə, Ermənistan ordusunun birinci müdafiə xətti və ermənilərin hərbi təyinatlı avtomobil yolu bütünlüklə Azərbaycan ordusunun nəzarəti altına düşüb. Habelə Azərbaycan erməni mövqelərinə doğru yeni səngərlər qazıb.

Digər fotolarda Azərbaycanın Ermənistanla sərhəddə daha bir adsız yüksəkliyə tərəf yeni yol çəkdiyi görünür. Sayt bildirir ki, erməni mövqeləri ilə üzbəüz ərazinin dağlıq relyefi nəzərə alınmaqla Azərbaycan silahlı qüvvələrinin yeni səngərlər qazmağı və yollar çəkməyi davam etdirəcəyini göstərir. Bu da təmas xəttinin həmin istiqamətində erməni mövqelərini tamamilə əlverişsiz vəziyyətdə qoyacaq və istisna deyil ki, Ermənistan ordusu həmin müdafiə xəttini məcburi tərk edəcək.

"Bellingcat bildirir ki, Azərbaycan silahlı qüvvələrinin yeni manevrləri nətiicəsində Ermənistan ordusu faktiki olaraq postlarından birini tərk edib. Sayt peykdən çəkilmiş fotoda ermənilərin tərk etdiyi postu nişan verir. Masis İngilisyan qeyd edir ki, hadisələrin bu cür inkişafı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərin erməni infrastrukturu və yaşayış məntəqələri üçün təhdid yaradacağını göstərir. Habelə Azərbaycanın bu əraziləri hərbiləşdirməyə dair gələcək planları barədə suallar meydana çıxarır.

Peyk fotoları əsasənda təhlil aparan müəllif göstərir ki, Azərbaycan ordusunun son aylarda gördüyü mühəndis işləri nəticəsində erməni səngərləri bütünlüklə əlçatandır və yaxın gələcəkdə ermənilərin həmin səngərləri tərk etməsi qaçılmaz görünür.

"Bellingcat saytının bu məqaləsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən soruşulub, nazirlik bu mövzu ilə bağlı şərh verməyib.

Xatırladaq ki, bu ilin mayında Müdafiə Nazirliyi Günnüt kəndinin azad edilməsi də daxil olmaqla Naxçıvan istiqamətində ordumuzun keçirdiyi uğurlu əməliyyat barədə geniş məlumat və videoxülasə yaymışdı.