Bu gün Azərbaycan elektron media qurumları arasında öz çəkisi və reytinqi ilə tanınan Müstəqil İnformasiya Agentliyinin (Mia.az) yaranmasından 10 il ötür. Bu illər ərzində saytda hər yükü üzərinə götürən kollektivin işi ilə maraqlandıq.
Unikal.org-un əməkdaşı ötən illər ərzində saytın keçdiyi yola nəzər salıb, onları razı və narazı salan məqamlara toxunub. MİA-nın baş redaktoru Zaur Əhməd ötən 10 ilə nəzər saldı.
Zaur Əhməd əvvəlcə MİA-nın adının yaranma tarixindən söz açıb və bir sıra maraqlı məqamlara toxunub:
"Əvvəlcə, MİA-nın adının yaranma tarixini oxuculara xatırladım. Belə ki, MİA adını "Reytinq qəzetinin baş redaktoru Afiq Mirzəbəyli və digər iş yoldaşlarımızla birgə müəyyənləşdirmişdik. Müstəqil İnformasiya Agentliyi təsis olundu və baş hərflərdən ibarət domen aldıq. Bundan sonra saytı qurduq və fəaliyyətə baladıq. O dövrdə insanlar ən çox qəzetlərdə və televiziyalarda xəbərlərlə tanış olurdular. Təbii ki, saytlar da var idi, amma bir o qədər ciddi auditoriyası yox idi. Saytlar daha çox əyləncə xarakterli mənbə hesab olunur. Amma, biz bu işin öhdəsindən gələcəyinə əmin idik və bu əminlik artıq bizi 10 ilə çatdırdı. Çətinliklər çoxdur. Bəzən tam mənasında müstəqil olmaq çətin olur. Amma, buna baxmayaraq Azərbaycanda azad media ab-havası olduqca, bu müstəqilliyə doğru irəliləyirik. Qeyd edim ki, saytın fəaliyyətində texniki çətinliklər də mövcuddur. Bununla yanaşı, saytda on-line daim olmalıdır və əks halda oxucu digər xəbər resursu axtarmaq məcburiyətində qalır. Bunun üçün səhərdən axşama, bəzən də gecədən səhərə kimi işləmək məcburiyətində qalırıq. Hətta onu deyim ki, Mia.az-ın əsas sütunu Fazil Əhməd çox vaxt bu yükü təkbaşına çəkir. Xüsusən admin və redaktə işləri çox vaxt apardığı üçün bəzən elə gün olur ki, redaksiyadan kənara çıxmaq mümkün olmur. O qədər qapalı yerdə qalırıq ki, havasızlıq bizi çox yorur. Belə desək, təmiz hava almaq bizim bir nömrəli problemimizdir. (Gülür) Bu on ildə gərgin və istirahətsiz iş bizi çox yorub. Bütün bu və ya digər çətinliklərə baxmayaraq bizi düşündürən, bizə stimul verən və səhətimizdə yaranan problemləri arxa plana keçirən OXUCULARIMIZDI. Bu illər ərzində bizə inanan, oxuyan, yanımızda olan hər bir oxucumuza minnətdarıq. Gələcəkdə onlara adımız kimi, daha obyektiv informasiya ilə təmin edəcəyimizə inanırıq.