Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası Tələbə Gənclər Təşkilatı və "Gənc azərbaycanşünaslar dərnəyi ilə birgə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirb.
Unikal.org xəbər verir ki, tədbirin əvvəlində tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova BSU-da narkomaniya ilə mübarizə istiqamətində görülən işlərdən danışıb.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov "Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizənin zəruriliyi mövzusunda geniş məruzə ilə çıxış edib. O, DIN-də Narkotiklərlə mübarizə şöbəsinin rəisi vəzifəsində çalışdığı illərdə qazandığı təcrübəni gənclərlə bölüşüb. S.Məmmədov deyib: "Narkotik vasitələr çox qədim zamanlardan insanların müalicə məqsədilə istifadə etdikləri bir vasitə olub. Ancaq cəmiyyət inkişaf etdikcə onun insan sağlamlığı üçün çox zərərli və təhlükəli olması müəyyən edilib və ona görə də ondan istifadə qanunla qadağan olunub.
BSU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Əhməd Əhmədov öz çıxışında gənclər arasında narkotiklərin yayılmasının qarşısının alınması istiqamətində təbliğatın gücləndirilməsi, o cümlədən bu istiqamətdə BSU-da həyata keçirilmiş tədbirlər barədə geniş məlumat verib. O, sonda gəncləri narkotiklərlə mübarizəyə səsləyib.
Sonra BSU-nun "Gənc azərbaycanşünaslar dərnəyinin sədri Nigar Quliyeva "BMT-nin konvensiyalarında narkotik vasitələr, beynəlxalq cinayətlərin subyekti kimi mövzusunda çıxış edib. N.Quliyeva tədbir iştirakçılarına zərərli vərdişlərə qarşı beynəlxalq qanunvericiliklə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.