Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük Elçiliyinin ikinci katibi Tuğba Uzel Bakı Slavyan Universitetində olub.
Unikal.org xəbər verir ki, qonağı BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qarşılayaraq ona univeritetin yaranma tarixi, keçdiyi yol barədə məlumat verib. R.Novruzov BSU-nun Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitunun bazasında ərsəyə gəldiyini diqqətə çatdırıb.
O, bu gün BSU-nun dünyanın bir çox tanınmış universitetləri ilə sıx əlaqələrə malik olduğunu, tələbə-müəllim mübadiləsini həyata keçirdiyini deyib. R.Novruzov hazırda BSU-da bir çox ölkələrin tədris mərkəzlərinin fəaliyyət göstərdiyini və eyni zamanda xaricdəki universitetlərdə Azərbaycan dilinin tədris olunduğunu qonağın diqqətinə çatdırıb.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük Elçiliyinin nümayəndəsi Tuğba Uzel səmimi qəbula görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. O, Bakı Slavyan Universiteti ilə Türkiyə Cümhuriyyətinin bir sıra aparıcı universitetləri arasında olan əlaqələrdən məmnun qaldığını deyib. Səfirlik nümayəndəsi BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzi ilə əlaqələrinin bundan sonra daha da yaxşılaşacağına əmin olduğunu bildirib. Görüş çərçivəsində Tuğba Uzel BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin kitabxanasına yeni kitablar hədiyyə ediləcəyini diqqətə çatdırıb.