Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Unikal.org xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişlidə Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

İmişlidəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi, məscidlərin təmiri və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.