Bu gün Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünləri qəbul edib.
Unikal.org xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri iştirak edib.
Əvvəlcədən qəbula yazılmış məcburi köçkünlər mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinətin verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli prezident İlham Əliyevin diqqətindədir. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərlə işin sürətləndirilməsi ilə bağlı verdiyi tapşırığın icrasına nəzarət edir. Bildirilib ki, məcburi köçkünlərin yeni mənzillərlə təmin olunması mərhələli şəkildə aparılır. Ən çətin şəraitdə yaşayan məcburi köçkünlər ilk olaraq yeni yaşayış sahələrinə köçürülür.
Qəbulda iştirak etmiş məcburi köçkünlər fərdi şəkildə qəbul edilib, müraciətləri qeydə alınıb.
Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.