Noyabrın 30-da saat 10.00-da "Park İnn mehmanxanasında Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) "Biznes idarəçiliyi fakültəsi və "Elm və innovasiya şöbəsinin təşkilatçılığı ilə "Müasir dövrdə effektiv idarəetmənin problemləri mövzusunda respublika Elmi Praktik konfrans keçirilləcək.

Unikal.org xəbər verir ki, tədbirin məqsədi müasir dövrümüzdə idarəetmə sistemində təzahür edən modernləşmə və yeni idarəetmə modellərinin, müasir vətəndaşa yönümlü, onu məmnun edən idarəetmənin qurulmasının zəruriliyini üzə çıxarmaqdır.

Bir gün davam edəcək tədbir öz işini plenar iclas və panel müzakirələrlə davam etdirəcəkdir. ATMU-nun rektoru İlham Mədətovun və xüsusi dəvət olunmuş dövlət qurumlarının nümayəndələrinin açılış nitqindən sonra müxtəlif sahələr üzrə dörd məruzə dinləniləcəkdir. Belə ki, plenar iclas zamanı, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı, AMEA İqtisadiyyat İnstitunun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Akif Musayev, Bakı Mühəndislər Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru, dosent Elçin Süleymanov və Azərbaycan Turizm və Menecment Universitetinin Elm və innovasiya şöbəsinin müdüri dosent Nəsir Nəsirlinin çıxışları nəzərdə tutulur.

Plenar iclasdan sonra tədbir "İqtisadiyyatda müasir yanaşmalar və inkişaf tendensiyaları, "Xidmət sektorunda idarəetmə tendensiyaları və "Sosial sahələrin idarə edilməsi adlı bölmələrdə öz işini davam etdirəcək. Konfransın gündəliyinə respublikamızın 20 ali məktəbindən 65 məruzə daxil edilib.