Bu gün  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlığın əsasları kafedrasının təşkilatçılığı ilə "Böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemləri mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

Unikal.org xəbər verir ki, konfransda AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Azərbaycanın Memarlar İttifaqının idarə Heyətinin I katibi Fərhad Mollazadə, "Bakıdövlətlayihə İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar memarı İlqar İsbatov, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Abdı Qarayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri Anar Quliyev , universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Konfransı giriş nitqi ilə AzMİU-nun rektoru, professor G. Məmmədova açaraq gələn qonaqları salamlayıb, böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemlərinə həsr olunan konfransın günümüz üçün aktuallığına diqqət çəkib. Rektor yol infrastrukturunun bu gün dövlətin əsas prioritet məsələlərindən biri olduğunu , ölkəmizdə nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini deyib. Dünyada böyük şəhərlərin nəqliyyat infrastrukturlarının yaxşılaşdırılması, müasirləşdirilməsi yolunda irimiqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərdə memarlarında üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Çıxış edənlərdən Azərbaycanın Memarlar İttifaqının idarə Heyətinin I katibi F. Mollazadə, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru A.Qarayev də təmsil etdikləri qurumların adından konfrans iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıblar. Çıxışlarında böyük ölkələrdə aparılan infrastruktur layihələrin şəhər mühitinə də təsirsiz ötüşmədiyini, bəzi problemləri yaratdığını bildiriblər. Son zamanlar AzMİU-da aparılan məqsədyönlü işlər nəticəsində elmin müxtəlif sahələrinə aid konfransların təşkil olunduğunu, universitetdə keçirilən bugünkü konfransın da nəqliyyat infrastrukturunda olan problemlərin həlli istiqamətində mühüm rol oynayacağına ümidvar olduqlarını deyiblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri A.Quliyev də çıxışında qeyd edib ki, böyük şəhərlərin nəqliyyat infrastrukturunun formalaşma və inkişaf problemləri müasir iri şəhərlərin ən böyük çağrışlarından biridir. Universitetin bu məsələyə diqqət cəlb etmək təşəbbüsü bir daha bu tədris müəssisəsinin cərəyan edən proseslərə və cəmiyyətimizin gələcək inkişafına hədəflənməyinin göstəricisidir.

Konfransın plenar iclasında AzMİU-nun Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyevin "Kompleks nəqliyyat sxemlərində sərnişin istiqamətləndirilməsinin modelləşdirilməsi, "Bakıdövlətlayihə İnstitutunun direktoru, Azərbaycan Respublikasının əməkdar memarı İlqar İsbatovun isə "Böyük Bakının Regional İnkişafı Şəraitində nəqliyyat sisteminin formalaşması mövzusunda plenar məruzələri dinlənilib.

Daha sonra konfrans öz işini bölmələrdə davam etdirib.