Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin təşkilatçılığı ilə universitetdə payız -qış mövsümünə hazırlıqla bağlı təlimatlandırıcı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri Zirəddin Məmmədov, Fövqəladə Hallar Nazirliyi baş idarəsinin mütəxəssisi Nizami Fərəcov, 2-ci ərazi daxili yanğın idarəsinin mütəxəssisi Samir Zakiyev, universitetin kafedra, şöbə, fakültələrinin işçi heyəti iştirak ediblər.

Şöbənin müdiri Z.Məmmədov tədbiri açıq elan edərək, tədbir iştirakçılarını salamlayıb. O, çıxışında bildirib ki, universitetdə payız- qış mövsümünə keçidlə əlaqədar olaraq təmir briqadası işlərə vaxtında başlayıb. Bütün istilik boru , su kanalizasiya və elektrik xətləri təmir edilib, lazimi xətlər isə yenisi ilə əvəz olunub. ƏM və TT- lik şöbəsinin əməkdaşları payız -qış mövsümünə keçidlə əlaqədar olaraq bütün şöbə və kafedralarda olub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməsi, qeyri-standart istifadəyə yararsız elektrik qızdırıcılarının yığışdırılması, qazanxanalarda olan ölçü cihazlarına nəzarət ediblər. Z.Məmmədov sonda sadalanan tədbirlərin həyata keçirilməsinin universitet rəhbərliyin bu məsələlərə göstərdiyi diqqətin, qayğının bariz nümunədi olduğunu deyib.

Daha sonra FHN-nin baş idarəsinin mütəxəssisi N.Fərəcov yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı tədbir iştirakçılarına məlumat verib, bununla bağlı videoçarxlar nümayiş olunub.

Sonra tədbir AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyevin "Payız-qış mövsümündə qazla davranış qaydaları mövzulu məruzəsi ilə davam edib.