Ekspertlər deyir ki, "xanım ofisiant", "xanım satıcı" kimi iş elanların verilməsi qanunla qadağandır
Unikal.org kaspi.az-a istinadən yazını təqdim edir.
"Səhhətimdəki problemlərlə əlaqədar ağır işlərdə çalışa bilmirəm. Ona görə də xidmət sahələrində, xüsusilə elan verən restoranlara, kafelərə və mağazalara işlə bağlı müraciət edirəm. Onların çoxları isə "qaqaş, biz xanım işçi axtarırıq" deyirlər".
Bu fikirləri işsiz, lakin iş axtaran Alik Məhəmmədov qeyd edir. Onun sözlərinə görə, məhz həkim məsləhəti ilə "yüngül" işlər axtarmağa məhkumdur: "Düzdür, ailəli olmasam da, işləmək istəyirəm ki, evdəkilərə yük olmayım. Lakin "yüngül" işlər tapa bilmirəm. Bu harada yazılıb ki, ofisiant və ya satıcı qız olmalıdır? Əslində belə yanaşma doğru deyil".
Əslində A.Məhəmmədovun sözlərindən sonra paytaxtın bir çox yerlərindəki elanlar diqqət yetirdikdə məlum olur ki, bir çox kafe, restoran və ya mağazalarda "ofisiant qız tələb olunur", "satıcı xanım tələb olunur" və sair kimi elanlar vurulub. Halbuki, bu kimi xidmət sahələrində çalışmaq üçün heç də qadın və kişi olmağın fərqi yoxdur. İş, sadəcə işdir və çalışmaq istəyənlərə şərait yaradılmalıdır.
Azərbaycan qanunvericiliyində konkret olaraq qadınların hansı işlərdə çalışa bilməməsi qeyd edilib. Amma kişilərlə bağlı belə bir qadağalar yoxdur. Müasir dövrdə qadınlardan fərqli olaraq, kişilərin rastlaşdığı gender əsaslı məhdudiyyətlər yalnız arabir müzakirə predmetinə çevrilir. Lakin bu, o demək deyil ki, kişilər bu kimi problemlərlə üz-üzə gəlmir.
Azərbaycanda kişi və qadınların hüquq bərabərliyi ölkənin 1995-ci ildə qəbul olunmuş əsas qanunu olan Konstitusiya tərəfindən təmin edilir. Konstitusiyanın 25-ci maddəsi kişi və qadınların bərabər hüquq və azadlıqlarını təsbit edir və insan və vətəndaşların hüquq və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir. Kişi və qadın arasında hüquq və azadlıqlar bərabərliyi və cinsi mənsubiyyətə görə ayrı seçkiliyin qadağan olunması Əmək Məcəlləsi, Ailə Məcəlləsi, Cinayət Məcəlləsində və digər qanuni aktlarda öz əksini tapır. 2006-cı ildə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanunun məqsədi də cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların yaradılması və gender bərabərliyinin təmin edilməsi olub.
Görəsən bu məsələdə ekspertlər necə düşünürlər?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, iş elanları zamanı axtarılan işçinin kişi və ya qadın olmasının vurğulanması qanunsuzdur: "Əvvəla, Nazirlər Kabineti belə bir siyahı tərtib etməyib. Ola bilsin ki, gələcəkdə belə bir siyahı zəruri olsun və ya indi olsa, daha yaxşı olar. Yəni bu siyahıda yaşa, cinsiyyətə və ya psixoloji xüsusiyyətlərə görə işə qəbula imkan verən iş yerləri qeyd edilsin. Məsələn, elə iş yerləri ola bilər ki, orada nəinki cinsə görə, eləcə də yaş, boy, çəki məsələsi qoyula bilər. Əgər belə iş yerləri varsa və bu zəruridirsə, bunu Nazirlər Kabineti təsdiq etməlidir. Amma mağazada satıcı işləmək üçün kişi və ya qadın olması, yaş məsələsi, eləcə də fizioloji əlamətlər rol oynamamalıdır. Əslində "arıqdır, kökdür, eybəcərdir, gözəldir" kimi xüsusiyyətlər əsas deyil. Bu, həm Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və eləcə də Əmək Məcəlləsinin 16-cı maddələrinə ziddir. Çünki ayrı seçkilik yaradır".
S.Məmmədov əlavə etdi ki, məhz Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, bu həm də gender hüququnun pozulmasıdır: "Məhz qeyd edilən məsələdə qadınların xeyrinə gender ayrı seçkiliyi var. Bir çox yerlərdə kişiləri götürürlər, qadınlardan imtina edirlər. Bu da cinsi ayrı seçkilikdir. Amma elə iş yerləri var ki, orada qadınlara işləmək olmaz və bu Əmək Məcəlləsində göstərilib. Ümumilikdə, "xanım ofisinat", "xanım satıcı" ilə bağlı iş elanların verilməsi qanunla qadağan olunur".
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, işçi axtarışında hansısa bir cinsi ayrı-seçkiliyə görə seleksion yanaşma özü-özlüyündə düzgün deyil: "Sadəcə olaraq, Azərbaycanda belə bir stereotip formalaşıb ki, xidmət sahəsində xanımların olması daha effektiv üsuldur. Ticarətlə məşğul olan elə obyektlər var ki, bizim mentalitetdən irəli gələrək, o xidməti məhz qadın göstərməlidir. Tutaq ki, kişilərə aid olmayan müəyyən istehlak məsullarının satışı ilə qadınlar məşğul olmalıdır. Xüsusən, ərzaq sektorunda və ya qida məhsullarının satışını həyata keçirmək üçün daha çox qadınlara üstünlük verilməlidir. Bu, o stereotipdir ki, həm xidmətin keyfiyyətini yaxşılaşdırır. Həm də "qadın satıcıların incə davranışı ticarətdə müstəsna rol oynaya bilər" yanaşması da mövcuddur".
İ.Hüseynli əlavə etdi ki, məsələyə qanunvericilik baxımından yanaşsaq, kişilərin bu məsələdə hüquqlarının pozulması kimi yox, üstün mövqedən yanaşılmamağı kimi qəbul etmək olar: "Qanunvericilik baxımından burada hansısa bir məhdudiyyətin olduğu mövcud deyil ki, sahibkar işçi axtarışında xanımlara və ya kişilərə üstünlük verir. Sözsüz ki, yaş qrupuna görə üstünlüklər verilir. Amma mənə elə gəlir ki, daha çox savadı, dünyagörüşü, dil bilgilərinin olmasına üstün yanaşmalardan çıxış etmək daha doğru olardı".